Ötən il ARDNF-nin büdcəsi 9,8 milyard manat profisitlə icra olunub

post-img

Ötən il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 125,9 faiz artaraq 21 milyard 661,9 milyon manat, büdcə xərcləri isə 151,7 faiz artaraq 11 milyard 832,6 milyon manat təşkil edib.

2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 milyard 519 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat olub.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 337,8 milyon manat təşkil edir.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 milyard 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 34,3 milyon manat yönəldilib. Ötən ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 2 milyard 132,1 milyon manat olub.

2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

İqtisadiyyat