Türk dövlətləri yüksəliş yolunda

post-img

Qardaş ölkələr ili uğurla başa vurur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın yeni üçüncü sayında ötən ilin eyni dövrü ilə müqayisədə 2023cü ilin yanvar–sentyabr aylarında  Türkiyə iqtisadiyyatının 5,9 faiz, Azərbaycan iqtisadiyyatının 0,8 faiz, Özbəkistan iqtisadiyyatının 5,8 faiz, Qırğızıstan iqtisadiyyatının 4,2 faiz, Qazaxıstan iqtisadiyyatının isə 4,7 faiz böyüdüyü  bildirilib. Bundan başqa  icmalda adıçəkilən ölkələrin 2023-cü ilin 9 ayı üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib. Belə ki, dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 74,2 faizlə Türkiyədə qeydə alınıb. Türkiyənin dövlət büdcəsinin gəlirləri 125 milyard  631 milyon dollar olub.

Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 8 milyard  363  milyon  dollar) və Qazaxıstan (ticarət balansı 13 milyard 23 milyon dollar) malikdir. Cari ilin 9 ayı ərzində Macarıstan istisna olmaqla, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan bütün ölkələrdə əsas kapitala yönəldilən vəsaitlərdə artım müşahidə olunub.

Qeyd edək ki,  TDT qlobal kənd təsərrüfatı torpaq ehtiyatlarında 6,1 faiz, o cümlədən əkin sahələrində 3,9 faiz, kənd təsərrüfatı məhsullarının qlobal istehsalında 2,2 faiz, kənd təsərrüfatı və emal məhsullarının ixracında isə 2 faiz paya malikdir. Qurum iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını daim diqqətdə saxlayır.

Şübhəsiz ki, Azərbaycan da bu məsələyə hər zaman həssaslıqla yanaşır, türk dövlətlərinin vahid rəqəmsal “aqro-data” platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı təklifləri təşkilata üzv ölkələrə təqdim edir və bu istiqamətdə layihələrin reallaşdırılmasına ciddi töhfələr verir. TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsində isə qarşıya qoyulan vəzifələr sadalanır, qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi kimi məsələlərin həlli zəruriliyi vurğulanır.

Yeri gəlmişkən, TDT-yə üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün son illər ərzində bir sıra layihələr reallaşdırılıb. Məsələn, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Başqa sözlə, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi gerçəkləşib, nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma nail olunması reallaşıb.

Burada bir məqama xüsusi diqqət yetirmək istərdik. Bu, TDT-yə üzv ölkələrin müasir nəqliyyat-logistika infrastrukturunun inkişafına mühüm önəm vermələri ilə   bağlıdır. Belə bir amilin əhəmiyyətini dəyərləndirməyin nəticəsidir ki, hazırda Orta Dəhlizlə yükdaşımaların həcmi getdikcə artır. 2023-cü ilin yanvar–avqust aylarında bu dəhliz üzrə yükdaşımaların dinamikası 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub. Şübhəsiz ki, bu artım Azərbaycanın da həmin ölkələrlə iqtisadi əlaqələrinə öz müsbət təsirini göstərib. Belə ki, 2022-ci ildə Azərbaycanla TDT-yə üzv ölkələr arasında  ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə 70 faiz artaraq 7 milyard 170 milyon dollar təşkil edib. Cari ilin yanvar–iyul aylarında isə Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici 2022-ci ilin    müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.

Qeyd edək ki, TDT işğaldan azad olunan Qarabağ  və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan  bərpa-yenidənqurma layihələrinə də mühüm önəm verir. zbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Türkiyənin Cəbrayılda  Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzinin və Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin tikintisi bunun bariz ifadəsidir. 

Azərbaycanın əməkdaşlıq etdiyi  TDTyə üzv dövlətlər  sırasında Türkiyə xüsusi yer tutur. lkələrimiz arasında imzalanan sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazanı getdikcə möhkəmləndirir, tərəflər arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər biznes dialoqun genişlənməsini, birgə layihələrin icrasını stimullaşdırır. 

Azərbaycan–Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə ölkəmizin 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəsinin, təxminən,  7,2 milyard dollar təşkil etməsi, bu  göstəricinin ötən ilin analoji dövrü ilə müqayisədə 33 faiz artması da bunun, bariz ifadəsidir. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin sürətlə yerinə yetiriləcəyinə dərin inam yaradır.

Azərbaycan xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin respublikamızda qeyri-neft-qaz sektoruna investisiya qoyan ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin yatırımı  və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı daim təşviq edib. TDT ölkələri arasında ticarət dövriyyəsinin böyüməsi birbaşa türk dövlətləri arasındakı münasibətlərin son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi proqnozlaşdırılır.

Vaqif BAYRAMOV

XQ

İqtisadiyyat