Türkiyə şirkətləri Qarabağda kiçik SES-lərin bərpasını həyata keçirəcək

post-img

Azərbaycanda dayanıqlı enerji növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli dövlətin enerji siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə ölkəmiz dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a ev sahibliyi edəcək. Bu baxımdan, bölgədə alternativ enerji layihələrinin reallaşdırılması, azad olunmuş ərazilərimizdə su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması məqsədilə özəl sərmayədarlarla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Türkiyə şirkətləri ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki su elektrik stansiyalarının bərpasında yaxından işti­rak edəcəklər. Bu məqsədlə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiy­yəti ilə Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında birgə iştirak müqaviləsi imzalanıb. Azərbaycanın iqti­sadiyyat naziri Mikayıl Cabbarov, ener­getika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının iştirakı ilə imzalanmış sənədə əsasən, Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elekt­rik stansiyasının bərpa edilərək istismara verilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi döv­lət-özəl sektor tərəfdaşlığına, yeni iş yer­lərinin yaradılmasına, bərpaolunan enerji sahəsində təcrübə və bacarıqların tək­milləşdirilməsinə, 2030-cu ilədək enerji istehsalında “yaşıl enerji” mənbələrinin payının 30 faizə çatdırılması hədəfinə və istixana qazı emissiyalarının azaldılması­na töhfə verəcək. 

Bir məqamı da qeyd edək ki, Kəl­bəcər və Laçın rayonlarında yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilməsi və fəaliyyətinin təşkili layihəsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin işğaldan azad olunmuş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsidir. Xatırladaq ki, ilk layihə Ağdam rayonunun Şahbulaq kəndində yerləşən əhəngdaşı yatağında mişar da­şının istehsalı ilə bağlı olub.

İmzalanma mərasimindən sonra iqti­sadiyyat naziri Mikayıl Cabbarov “X” so­sial şəbəkə platformasında bununla bağlı paylaşım edib. Nazir bildirib ki, Azərbay­can 2030-cu ilədək elektrik qoyuluşu gü­cünün 30 faizini bərpaolunan enerji mən­bələrindən əldə etməyi və istixanaqazı emissiyalarını azaltmağı hədəfləyir. “Dövlət-özəl sektor tərəfdaşlığı çərçivə­sində həyata keçirilən layihə yeni iş yer­ləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsin­də yeni təcrübə və bacarıqların ötürülmə­sinə töhfələr verəcək”, – deyə paylaşım­da qeyd olunub.

Yeri gəlmişkən, ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpaolunan enerji ehtiyatları ilə zəngindir. Mütəxəs­sislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Bundan əlavə, buradakı zəngin su ehtiyatları da alternativ, təmiz elektrik enerjisinin isteh­salı üçün yaxşı imkanlar yaradır. 

Bölgənin əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, burada alternativ və bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş, külək və su resursların­dan geniş istifadəyə münbit zəmin yara­dır. Təsadüfi deyil ki, Azərbaycan Prezi­denti İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji po­tensialını nəzərə alaraq həmin əraziləri “yaşıl enerji" zonası elan edib. 

Artıq bu potensialın hərəkətə gətiril­məsi istiqamətində konkret tədbirlər hə­yata keçirilir. Ötən müddətdə həmin əra­zilərin “yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı Tədbirlər Planı müəyyənləşdiri­lib, bununla bağlı beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə konsepsiya da qəbul edilib. Bundan da məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bər­paolunan enerji potensialından səmərəli istifadə etməkdir. Konsepsiyaya əsasən, ərazini ekoloji cəhətdən təmiz, “yaşıl enerji” ilə təmin etmək üçün texnologi­yaların tətbiqi perspektivləri araşdırıla­raq müvafiq təkliflərin formalaşdırılması nəzərdə tutulur. 

Məlum olduğu kimi, Vətən mühari­bəsindəki tarixi Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə enerji güclərinin yaradılmasına başlanılıb. İlkin olaraq 2021-ci ilin oktyabr ayında ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stan­siyaları istifadəyə verilib. Su ehtiyatları ilə zəngin olan Kəlbəcər rayonunda da bu baxımdan xeyli iş görülüb. Belə ki, 2022-ci ildə rayon əraziində 4,4 meqavat gücündə “Kəlbəcər-1” kiçik su elektrik stansiyası yenidən qurulduqdan sonra istismara buraxılıb. Bu, həm də rayo­nun ilk istehsal obyekti kimi diqqət çəkir. Bundan əlavə, rayonda 8,33 meqavatlıq “Çıraq-1”, 3,6 meqavatlıq “Çıraq-2”, 6,33 meqavatlıq “Qamışlı”, 5,3 meqavatlıq “Soyuqbulaq” və 3,4 meqavatlıq “Mey­dan” kiçik su elektrik stansiyaları yenidən qurularaq istifadəyə verilib. 

İşğaldan azad olunmuş ərazilərdəki kiçik su elektrik stansiyalarının bərpası bu il də uğurla davam etdirilib. Avqust ayında Laçın rayonunda 8,25 meqavat­lıq “Mişni” və 6 meqavatlıq “Alxaslı” kiçik su elektrik stansiyaları tam yenidənqu­madan sonra istismara buraxılıb. Sent­yabrın 28-də isə Zəngilan rayonunda yenidən tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” su elektrik stansiyası is­tifadəyə verilib. Bundan əlavə, rayonda hər birinin gücü 10,5 meqavat olan “Şa­yıflı”, “Zəngilan”, “Sarıqışlaq”, eləcə də Laçın rayonunda 14,25 meqavatlıq “Ağ­bulaq-1” su elektrik stansiyalarında da işlər tamamlanıb. Hazırda isə Laçın və Kəlbəcər rayonlarında daha 9 su elektrik stansiyasının tikintisi davam etdirilir. 

Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının günəş və külək enerjisi potensialının hərəkətə gə­tirilməsi istiqamətində də işlərə başlanı­lacaq. Bu məqsədlə Cəbrayıl rayonunda 240 meqavatlıq günəş, Kəlbəcər rayo­nunda isə 100 meqavatlıq külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan əlavə, yeni kiçik su elektrik stan­siyalarının yaradılması hesabına bölgə­də generasiya gücləri artırılacaq. Heç şübhəsiz, bütün bunlar işğaldan azad olunmuş ərazilərin elektrik enerjisi ilə tə­minatında mühüm rol oynamaqla yanaşı, ölkəmizin ixrac potensialının da artırılma­sına imkan yaradacaq. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat