Assosiasiya: Yumurtanın qiymətinin artırılması əsassızdır

post-img

Son günlər bir sıra satış şəbəkələrində süfrə yumurtasının qiymətində artım edildiyinə dair məlumatlar yayılır. Bunu Rusiyaya süfrə yumurtasının ixracının başlanmasından sonra guya Azərbaycanda yumurta çatışmazlığının yaranması ilə əsaslandırmağa çalışırlar.

 Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası bu barədə məlumat yayıb.

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası olaraq bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib. Belə ki, içərisində 360 yumurta olan bir qutunun marketə çatdırılma da daxil olmaqla, qiyməti 53 manat təşkil edir ki, bu da 1 yumurta üçün 14,5 qəpik deməkdir. Bu qiymət, hətta ötən ilin eyni dövründəkindən 1 qəpik ucuzdur. Bu gün Azərbaycanda gündəlik süfrə yumurtası istehsalı 5 milyon ədədə yaxın, gündəlik tələbat isə 3,6 milyon ətrafındadır. İxraca yalnız və yalnız tələbatdan artıq olan yumurta göndərilir. Biz istehsalçılar olaraq, satış şəbəkələrinə müraciət edirik ki, onlara satış qiymətində hər hansı dəyişiklik etmədiyimiz halda qiyməti artırıb, cəmiyyətimizi narahat edən yalan əsaslandırmalarla əhali arasında ajiotaj yaratmasınlar. Azərbaycan dövləti bütün kənd təsərrüfatı istehsalçılarına olduğu kimi quş əti və yumurta istehsalçılarına da bir sıra mühüm dəstək mexanizmləri tətbiq edir. İndiki şəraitdə ölkəmizdə yumurtanın qiymətinin artırılması üçün hər hansı iqtisadi əsas yoxdur. Buna görə də biz məhsulumuzu əvvəlki qiymətlərlə satış şəbəkələrinə təqdim edirik. Biz bir daha bəyan edirik ki, Azərbaycanın əsas yumurta istehsalçılarından heç biri topdandansatış qiymətlərində hər hansı dəyişiklik etməyib”, - deyə assosiasiyanın məlumatında qeyd olunub.

Qurumdan bildirilib ki, əhalinin tələbatını ödəyəcək həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil.

İqtisadiyyat