İRİA: Relokasiya proqramı çərçivəsində 10-dan çox ölkənin şirkətləri Azərbaycana səfər edib

post-img

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi xarici İKT şirkətlərin ölkəyə cəlbi məqsədi daşıyan relokasiya proqramını həyata keçirir. Proqramın əsas missiyası yüksəksəviyyəli xarici mütəxəssislərin ölkəyə cəlb edilməsi, rəqəmsal mənzərədə regionda inkişaf edən mərkəz kimi formalaşmaq üçün strateji bacarıq və potensialı artırmaq, Azərbaycanın biznes, innovativ və rəqəmsal mühitinin dayanıqlı inkişafına təkan verməkdir.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

Bildirilib ki, relokasiya proqramı xarici şirkətlərə sürətli və rahat relokasiyanın təşkili, sənədləşmə prosesinin sadələşdirilməsi, eləcə də şirkət əməkdaşlarının yerləşməsi və iş mühitinin təmin olunmasına dəstək, biznes strukturunun və vençur kapitalı sənayesinin nümayəndələri ilə əməkdaşlığın təmin edilməsi, ən əsası isə texnopark rezidentliyi çərçivəsində güzəşt və imtiyazlardan yararlanmaq kimi üstünlüklər təqdim edir.

Agentliyin məlumatına əsasən, Azərbaycanda Texnopark rezidentliyi haqqında 01.01.2023-cü il tarixindən qüvvəyə minən əlavə və dəyişikliklərdən sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycanın oxşar imtiyazlar təklif edən digər ölkələrdən nə ilə fərqləndiyini və ümumilikdə Azərbaycanı Beynəlxalq Biznes ictimaiyyətinə çatdırmaq üçün ilk addımlarını atıb.

“Avrasiyada biznes məqsədləri olan şirkətlər üçün Azərbaycanın üstünlük təşkil edən bir seçim olduğu xüsusilə təşviq edilib. 2023-cü ilin çətin geosiyasi və makro-iqtisadi şərtləri genişlənmək istəyən bizneslər üçün uzun qərar qəbul etmə dövrləri ilə nəticələnsə də, biz bu ilin hər rübündə getdikcə daha çox biznesin Azərbaycana maraq göstərdiyini və bu çərçivədə səfər etdiyinin şahidi olduq. Belə ki, cari ildə relokasiya proqramı çərçivəsində 10-dan çox ölkədən 45-dən çox şirkət Azərbaycana səfər edib. Səfər çərçivəsində tərəfdaşlıq və ya əməkdaşlıq ediləcək potensial özəl və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib. Əksər şirkətlər ölkənin regional inkişaf platforması kimi əhəmiyyətli potensiala malik olmasını yüksək qiymətləndiriblər. Səfər etmiş şirkətlər arasında relokasiyaya xüsusi maraq ifadə etmiş şirkətlər hazırda Azərbaycan, eləcə də Mərkəzi Asiya və Avrasiya üçün bazar təhlili mərhələsindədir. Relokasiya proqramını daha da təkmilləşdirməyə dair təkliflər haqqında daim rəy alırıq və bu təkmilləşdirmələri davamlı olaraq prioritetləşdirmək və inkişaf etdirmək üçün tərəfdaş qurumlarla işləyirik.

Bu ilin yekunlarını qiymətləndirərək növbəti il üçün relokasiya proqramı ilə bağlı gözləntilərimiz nikbindir. Hazırda yeni coğrafiyalarda relokasiya proqramının əhatə dairəsini daha da genişləndirməyi və bu regionlardan şirkətləri cəlb etməyi planlaşdırırıq”, - deyə İRİA-dan əlavə edilib.

İqtisadiyyat