Hikmət Hacıyev: Azərbaycanın postmünaqişə dövründə gördüyü quruculuq işləri dünyada nadir təcrübələrdəndir

post-img

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun sessiyasının Bakıda keçirilməsinə etimad göstərməsi bu institutla ölkəmiz arasında münasibətlərin dinamik inkişafından xəbər verir. Bu, eyni zamanda, ölkəmizin 30 ildir işğal altında olan ərazilərdə yenidənqurma, tikinti və quruculuq sahələrindəki mühüm səylərini nümayiş etdirir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində söyləyib.

Onun sözlərinə görə, işğal dövründə 9 şəhər və yüzlərlə qəsəbə tamamilə dağıdılıb.

“Azərbaycan postmünaqişə dövründə mühüm quruculuq işləri görür. Bu, həmçinin dünyada çox nadir təcrübələrdən biridir. Biz bu təcrübəni bütün dünya ilə paylaşacağıq. Şəhərlər, qəsəbələrlə bərabər, Azərbaycan, həmçinin dini və mədəni abidələri də bərpa edir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi onu da bildirib ki, COP-un və Ümumdünya Şəhərsalma Forumunun tədbirlərinin Azərbaycanda keçirdilməsi iqlim dəyişikliyi ilə mübarizədə, şəhər quruculuğunda sülhə və əməkdaşlığa xidmət edəcək: “Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan sülh və tərəfdaşlığa sadiqdir. Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsi üçün tərəfdaşlarla çox sıx şəkildə işləyəcək”.

İqtisadiyyat