Ağcabədidə taxıl səpini davam edir

post-img

Etibarlı ərzaq təminatı hər bir dövlətin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı hər zaman diqqət mərkəzində durur.

Respublikamızın kənd təsərrüfatı sahəsində ixtisaslaşan bölgələri içərisində nümunəviliyi ilə seçilən rayonumuzda da qida mənbəyi olan taxılçılıq  mühüm yer tutur. Belə ki, 2023-2024-cü il təsərrüfat mövsümü üçün rayon ərazisində fiziki və hüquqi şəxslər tərəfindən 30 min hektar sahədə taxıl səpininin aparılması nəzərdə tutulub. Həmin sahələr əvvəlcədən şumlanaraq, səpinə hazırlıq vəziyyətinə gətirilib. 

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ramiz Quluzadənin verdiyi məlumata əsasən, hazıradək 15 min 681,4 hektarı buğda və 6 min 908,87 hektarı arpa olmaqla, ümumilikdə 22 min 589,2 hektar sahədə payızlıq taxıl səpini aparılıb. Səpin aparılan taxıl sahələrinin 11 min 932 hektarı suvarılan, 10 min 657 hektarı isə dəmyədir. Bundan əlavə, suvarılan sahələrdə aparılan taxıl əkinlərinin 6592 hektarında suvarma işləri görülüb.

 Əkilən taxıldan yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti də müstəsna dərəcədə böyükdür. İndiyədək səpin ilə birlikdə taxıl sahələrinə 2 min 621 ton mineral gübrə (ammofos, karbamid, ammonium nitrat) verilib. Taxılçılar növbəti təsərrüfat ilini də yüksək göstərici ilə başa vurmağı hədəf götürüblər.

Qeyd edək ki, taxıl səpini dekabr ayının sonunadək davam edəcəkdir.

P.ƏFƏNDİ

XQ

 

İqtisadiyyat