Hərtərəfli inkişaf və tərəqqi iqtisadi yüksəlişdən qaynaqlanır

post-img

Gələn il bu məqsədlərə 5,6 milyard manat xərclənəcək

Hesablama Palatasının məlumatına əsasən, Azərbaycanda gələn il dövlət büdcəsindən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına 5,6 milyard manat ayrılması nəzərdə tutulur. 

“2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, həmin vəsaitin 4 milyard manatının və yaxud 72,6 faizi­nin işğaldan azad olunmuş ərazilərin ye­nidən qurulması və bərpasına, 1,1 milyard manatının və yaxud 20 faizinin investisi­ya xərclərinə, 409 milyon manatının və yaxud 7,4 faizinin isə cari xərclərə yönəl­diləcəyi nəzərdə tutulur. 

Azərbaycan dövləti bu gün 2022‒2030-cu illəri əhatə edən strateji in­kişaf mərhələsini yaşayır. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və da­yanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da güc­ləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur. Elə bu məqsədlə də təsdiq edilən “Azərbaycan‒2030: sosial-iqtisadi inkişa­fa dair Milli Prioritetlər”ə əsaslanaraq ha­zırlanan “2022‒2026-cı illərdə sosial-iqti­sadi inkişaf Strategiyası”nın reallaşması ilə ölkədə iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşa­cağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da güclənəcəyi proqnozlaşdırılır. Bu göz­ləntinin gerçəkləşəcəyi əminliyi, həm də adıçəkilən strategiyanın icrasına yönəl­dilən vəsaitin ildən-ilə artırılmasından irəli gəlir. Keçən il bu məqsədlə 2,4 milyard manat xərclənməsi də deməyə əsas verir ki, qarşıya qoyulan vəzifə uğurla həyata keçirilir. 

Xatırladaq ki, Prezident İlham Əliye­vin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inki­şaf Strategiyası”nda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin ölkə­mizdə çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyənləşdirəcəyi vurğula­nır və bu mərhələdə yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə hər bir vətəndaşın sabit təminatlı həyat səviyyəsinə nail olmaq qarşıya baş­lıca vəzifə kimi qoyulur. Həmçinin bu za­man başlıca vektor artımının səviyyəsin­dən çox, onun keyfiyyətinə əsaslanılacağı bildirilir. 

Sənəddə strateji dövrdə yeni artım modelinin özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəyi, dayanıqlı, inklüziv inkişafı gerçəkləşdirən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə stra­tegiyasının əsas qüvvəsi olacağı diqqətə çatdırılır. 

Strategiyada, eyni zamanda, bü­tün bunlarla yanaşı, rəqabətliliyin ölkədə adambaşına düşən milli gəlirin uzunmüd­dətli dövrdə sabit artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacağı, iqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşə­cəyi əminliyi ifadə edilir. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiy­yətli institutlar, müasir bilik və bacarıqlara malik insan kapitalı, sağlam cəmiyyət, in­novasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik sayəsində yüksək məhsuldarlığa nail olunacağı inamı xatır­ladılır. 

Sosial-iqtisadi inkişaf Strategiyasının icrasına başlandığı vaxtdan özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkar­lığın inkişafı yeni səmərəli stimullar hesa­bına sürətlənib, özəl və xarici investorla­rın ölkə iqtisadiyyatında fəallığı güclənib, qeyri-xammal ixracı genişlənib. Qeyri-neft sektorunun, xüsusilə ərzaq təhlükəsizli­yinin daha da gücləndirilməsini reallaşdı­ran, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli aqrar istehsalda yüksək göstəricilər əldə edilib. Bu sahəyə dövlət dəstəyi, investisiyalar və innovasi­yaların cəlbi gücləndirilib. Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilib.

Bütün bu sadalanan uğurlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin birinci yarısında ölkədə 60 milyard manatlıq, o cümlədən qeyri-neft sektorunda 36 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 0,5 faiz, qeyri-neft sektoru üzrə isə 3,1 faiz artıb. Bu ilin 9 ayında isə ÜDM istehsalı əvvəlki ilin mü­vafiq dövrünə nisbətən 98,5 faiz artaraq 34 milyard 647 milyon manata çatıb. ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət, 6,4 faizi kənd təsərrüfatı, 6 faizi nəqliyyat, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi, 1,7 faizi informasiya–ra­bitə sahələrinin, 18 faizi isə digər sahələ­rin payına düşüb, məhsula və idxala xa­lis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 949 manata yüksəlib.

Cari ilin ilk yarısında orta illik inflyasi­ya göstəricisi isə 12,7 faiz səviyyəsində qeydə alınıb. Hesabat dövründə ərzaq məhsulları üzrə istehlak qiymətləri indek­sində ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 15,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,4 faiz artım müşahidə edilib. Yeri gəlmişkən, 2023-cü ilin yanvar-avqust aylarında orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. 

Onu da qeyd edək ki, son bir il ərzində əldə edilən uğurlarda əvvəlki dövrün iqti­sadiyyatında yaradılan makroiqtisadi sa­bitlik və dayanıqlıq baza rolunu oynayıb. Bu məsələyə milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlığın artması, iqti­sadiyyatın sürətlə şaxələnməsi və daxili istehsalın qlobal dəyər zəncirinə səmərəli inteqrasiyası da müsbət təsir göstərib. 

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ümumi dövlət borcunun azaldılması da prioritet vəzifə kimi qarşıya qoyulub. Bununla bağlı sənəddə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənib. 

Rəsmi proqnozlarda “2024-2027-ci illərdə xarici dövlət borcunun 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 mil­yon dollar) və ya ÜDM-in 7,5 faizi həcmin­də, daxili dövlət borcunun isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-in 15,9 faizi həcmində olacağı gözlənilir.

Gələn ilin sonuna isə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678 milyon manat səviyyəsində olacağı proq­nozlaşdırılır və 118 milyard 383,3 milyon manat məbləğində gözlənilən ÜDM-in 23,4 faizini təşkil edəcək.

Qeyd edək ki, cari ilin sonuna Azərbay­can Respublikasının dövlət borcunun (xa­rici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir. Bu, 119 milyard 650 milyon ma­nat məbləğində proqnozlaşdırılan ÜDM-in 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 mil­yon manat (6 milyard 381,3 milyon dollar) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı proqnozlaşdırılır. 

Beləliklə, ümumilikdə yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatı­nın təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxa­rı həddinin 2024-cü ilin sonuna 24 faiz müəyyənləşdirilməsi, ortamüddətli döv­rün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddinin 30 faiz səviyyəsində olması təklif edilir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat