Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yeni inkişaf modeli hazırlayıb. Yeddi 7 əsas komponentdən ibarət olan modeldə ölkədə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti ona həvalə edilmiş vəzifələrin vaxtında və keyfiyyətlə icrasına nail olmaq məqsədi daşıyır.
DGK-dən bildirilib ki, inkişaf modelinin ideoloji izahı düzgün istiqamətdə hərəkət edib, novator olaraq, keyfiyyətə diqqət yetirərək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdən ibarətdir.
İnkişaf modelinin işgüzar komponentinə uyğun olaraq məsələlərin həllinə komanda yanaşmasının tətbiqi məqsədilə işçi qruplar yaradılıb və qruplar üzrə bu məsələlərin həlli istiqamətində işlərə başlanılıb. İşçi qrupların fəaliyyəti dövründə vətəndaş və biznes subyektləri üçün şəffaf, asan və faydalı bir sıra layihələr həyata keçirilib. Qeyd olunub ki, bu layihələrin bəziləri tamamlanıb, bəzilərinin isə icrası davam etməkdədir.
Gömrük inzibatçılığında aşkar edilmiş həlli vacib digər məsələlər də daxil edilməklə “Gömrük İNKİŞAF modeli”nin implementasiyası qarşıda duran əsas prioritetdir.