Şirkətin dəstəyi ilə Samuxda ilk bal ormanı yaradılıb
Azərbaycanın neft-qaz sənayesində bir sıra dünya səviyyəli layihələrin operatoru olan BP şirkəti ölkəmizdə fəaliyyət göstərdiyi 31 il ərzində mühüm sosial proqramların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Ötən müddətdə şirkət özünün “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Cənubi Qafqaz qaz boru kəmərləri layihələri çərçivəsində ümumi dəyəri, təqribən, 109 milyon dollar olan çoxsaylı sosial proqramlar icra edib. Həmin layihələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, eləcə də ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilməklə, həm də məşğulluğun təminatına mühüm töhfələr verir.
Şirkətin tərəfdaşları ilə birlikdə Samux, Goranboy və Yevlax rayonlarında reallaşdırdığı “Şirin qızıl” layihəsi bu baxımdan xüsusi maraq doğurur. Xatırladaq ki, layihə ölkədə arıçılığın inkişafına dəstək vermək məqsədi daşıyır. Arıçılıq sahəsində ailə biznesi yaratmaqla və ölkədə ilk dəfə olaraq bal meşəsi salmaqla icmalarda dayanıqlı gəlir imkanlarının artırılmasını nəzərdə tutan layihə 2017–2021-ci illər ərzində iki mərhələdə həyata keçirilib. Sözügedən layihəyə, ümumilikdə, 2 milyon 798 min dollar vəsait xərclənib. Həmin vəsait hesabına Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarında, ümumilikdə, 530 icma üzvü seçilib. Öz şəxsi arıçılıq biznesinə başlaması və onu idarə etməsi üçün arıçılar zəruri avadanlıqlarla təmin edilib, onlar təlim, bacarıqlar, davamlı məsləhət xidməti və monitorinq dəstəyi ilə əhatə olunublar.
Həmin arıçılara 6 mindən çox arı yeşiyi verilib. Arıçılara verilən hərtərəfli dəstək və arı ailələrinə göstərilən yüksək qulluq nəticəsiz qalmayıb. Çəkilən zəhmət öz bəhrəsini verib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2018-2020-ci illərdə yüksək məhsuldarlığa nail olan arıçılar təsərrüfatlardan 73 ton keyfiyyətli bal toplamağa nail olublar.
Nəbiağalı kənd sakini, təqaüdçü, 75 yaşlı Bəhram Xəlilov da BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən “Şirin qızıl” layihəsindən faydalana bilib. Əvvəllər kənd məktəbində müəllim kimi fəaliyyət göstərən ağsaqqal üçün bu layihə göydəndüşmə fürsət olub. 2018-ci ildə 10 arı yeşiyi alan B.Xəlilov artıq onların sayını 18-ə çatdırıb. Peşəsindən və güzəranından razı olan ağsaqqalın bal mövsümündə müştəriləri də bol olur. Deyir ki, ötən illərdə, bir dəfə də olsun, məhsulunu satmaq üçün dükan-bazara üz tutmayıb. Çünki keyfiyyətli balın müştərisi çox olduğundan alıcıların özləri qapısına gəlirlər...
Arıların qidalanmasını təmin etmək üçün yem bazasının yaradılmasının vacibliyi nəzərə alınaraq sonrakı mərhələdə Samux rayonunun Çobanabdallı və Füzuli kəndlərinin ərazilərində meşə massivlərinin salınması qərara alınıb. Beləliklə, “Şirin qızıl” layihəsinin növbəti, daha maraqlı bir mərhələsinə başlanılıb. Layihə meneceri Vüqar Bəşirov dedi: “Arıların qidalanması üçün nektar bazasının yaradılması son dərəcə vacib idi. Bunu nəzərə alaraq 2019-cu ilin ikinci yarısından etibarən arı ailələrinin saxlanıldığı ərazilərə yaxın yerlərdə ağaclar əkməyə başladıq. Bu, həm də “Şirin qızıl” layihəsinin növbəti mərhələsi idi. Bu məqsədlə uzun illər baxımsız vəziyyətdə qaldığından, demək olar ki, tamamilə sıradan çıxmış meşə massivlərini yenidən bərpa etdik. Arıçılığın yem bazasının yaradılması məqsədilə Çobanabdallı kəndində 65, qonşu Füzuli kəndində isə 50 hektar ərazidə yaşıllıqların salınmasına başladıq. 2021-ci ilin yanvarınadək iki meşə massivində, ümumilikdə, 110 min ağac əkdik. Arılar üçün yem bazası kimi nəzərdə tutulan meşə massivlərində əkilən ağacların hamısı nektarverən ağaclardır. Bir neçə sort akasiya, ağcaqayın, xarici ölkələrdə “bal ağacı” adlandırılan unikal evodiya, badam və s. olmaqla, bütövlükdə 7 növ ağac əkilmiş meşələr yaxınlıqda yerləşən digər arıçılar üçün də faydalıdır. Yeri gəlmişkən, evodiya ağacının çiçəklənmə prosesi avqust–sentyabr aylarınadək davam edir ki, bu da arıların qidalanma mövsümünü uzadır”.
Rayonun torpaq və iqlim şərtlərinə uyğun olaraq əkilən bu ağacların suvarılması üçün lazımi infrastruktur yaradılıb, uzun illər istifadəsiz qalmış 3 artezian quyusu bərpa edilib. Beləliklə, 4 il ərzində boy ataraq böyüyən ağaclar ərazidə böyük bir meşə massivi yaranmasına səbəb olub. Bu, həm də BP və tərəfdaşları tərəfindən Azərbaycanda yaradılmış ilk arı, bal ormanı kimi diqqət çəkir. Eyni zamanda, arıçılığın yem bazası kimi yaradılan bu meşə massivləri bölgənin ekologiyasına şirkətin töhfəsi kimi də dəyərləndirilə bilər.
Mirbağır YAQUBZADƏ
XQ