Beyləqanda bolluq mövsümü

post-img

Azərbaycanda aqrar sektorun inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Ərzaq təhlükəsizliyindən qida təhlükəsizliyinə keçid, məhsuldarlığın artırılması, texniki və texnoloji yenilənmə, kənd təsərrüfatları məhsullarının artımı və şaxələndirilməsi, dövlət dəstəyinin səmərəli təşkili, subsidiyalaşdırma mexanizminin təkmilləşdirilməsi, iri təsərrüfatların inkişafı, kiçik təsərrüfatlara dəstəyin davam etdirilməsi, gəlirli sahələrin inkişafı aqrar siyasətin əsas yönləridir.

Bütün bunlar özünü pambıqçılığın, taxıl­çılığın, baramaçılığın inkişafında göstərir. Minlərlə insan işlə təmin edilir. Məhz pam­bıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində hər il məhsuldarlıq artır. Qabaqcıl rayonlardan biri də Beyləqandır. Beyləqan pambığın məhsuldarlığına görə respublikada qabaqcıl rayonlar sırasındadır. Hazırda Beyləqan rayonunun pambıq tar­lalarında son becərmə işləri aparılır. 2023-cü ildə 2740 hektarı “Azərpambıq” MMC, 2458,7 hektarı “MKT İstehsalat Kommersi­ya” MMC, 800 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 675 hektarı isə innovasiya təsərrüfatında olmaqla, 6673,7 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becəril­mə qaydalarına ardıcıl və düzgün əməl olu­nub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Hazırda pam­bıq tarlalarında son becərmə işləri aparılır, qozaların formalaşması üçün bitkilərə bar suyu verilir. Eyni zamanda təxminən bir neçə həftə sonra başlayacaq pambıq yığımına da hazırlıq görülür.

Rayonda pambıq yığımına 35 ədəd pam­bıqyığan kombayn, 99 ədəd traktor, 200 ədəd qoşqu cəlb edəcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular qabaqcadan məhsul yığımı üçün hazır vəziyyətə gətirilib. Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçiriləcək. Məhsul yığımına isə sentyabrın sonlarında başlanıla­caq. Bu mövsüm 23 min tondan çox pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, 2022-ci ildə 8396,6 hektar sahədə pambıq becərilib, qəbul məntəqələrinə 28 min 500 tondan çox “ağ qızıl” təhvil veri­lib. Rayon üzrə pambığın orta məhsuldarlığı 33,8 sentner olub. 

Beyləqan rayonu taxılçılıq sahəsində də yüksək məhsul əldə edib. Fermerləri və tor­paq mülkiyyətçiləri bu il zəmilərdən 70 min 753 ton məhsul əldə ediblər. 15 min 843 hek­tar buğda sahəsindən 63 min 922 ton, 2189 hektar arpa sahəsindən 6831 ton məhsul top­lanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,2 sentner, o cümlədən buğda sahələrində 40,3 sentner, arpa sahələrində isə 31,2 sent­nerdir. Hazırda taxıl zəmilərindən bol məhsul götürən Beyləqan fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şu­munun aparılmasını davam etdirirlər. Gələcək yüksək məhsuldarlıqda yay şumunun əhə­miyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonun təsərrüfatla­rında 8750 hektar sahədə şum qaldırılıb. 

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat