Ermənistan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun yaxınlığında, Arazdəyən kəndində ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu tikmək fikrindən dönmür və bununla bağlı Azərbaycanın haqlı narazılığını qəbul etmək istəmir. İşğalçı ölkə, hətta sözügedən məsələdə respublikamıza qarşı ittihamlar irəli sürməkdən belə çəkinmir.
Bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyinin mətbuat katibi Ani Akopyan ölkəsinin “News.am” saytına təmsil etdiyi qurumun departament rəhbəri Hakop Simidyanın fikirlərinə əsaslanaraq verdiyi müsahibədə tikiləcək müəssisənin bütün ekoloji standartlara və tələblərə uyğun olacağını bildirir və Azərbaycandan “Ermənistanın suveren ərazisində qeyri-qanuni güc tətbiqini dayandırmağı” tələb edir. A.Akopyan belə bir riyakar bəyanatı ilə kifayətlənməyərək, 70 milyon ABŞ dolları sərmayə ilə tikilən böyük metallurgiya müəssisəsinin Azərbaycan ərazisindən mütəmadi olaraq atəşə tutulduğu, inşaat işlərinin qarşısının alındığı kimi iftiralar da səsləndirir.
A.Akopyan müsahibəsində Espo Konvensiyasının 15-ci maddəsini xatırladaraq “tərəflər arasında mübahisə yarandıqda, onlar bunu danışıqlar yolu ilə və ya öz mülahizələri əsasında hər hansı digər yolla həll etməlidirlər”, – deyir. Bax, elə bu məqamda onun çirkin niyyəti üzə çıxır. Belə ki, Azərbaycanın bu məsələ ilə bağlı ilk gündən qarşı tərəflə danışıqlar aparmaq cəhdi, respublikamızın Ermənistanın belə bir təhlükəli yoldan geri dönməsinin zəruri olduğunu dəfələrlə bildirməsi nənki işğalçı dövlətə, eyni zamanda, beynəlxalq qurumlara da bəllidir.
O da aydındır ki, beynəlxalq hüquqa görə, hər bir ölkə öz ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, bu, mütləq razılaşma yolu ilə beynəlxalq hüquq və ekoloji normalara uyğun həyata keçirilməlidir. Ermənistan isə bu zəruri amili qulaqardına vurur, tarixi Azərbaycan torpağı olan Arazdəyəndə xarici investorla birgə metallurgiya zavodunun tikintisini–belə bir ağır cinayət əməlini davam etdirməkdə israrlı olduğunu beynəlxalq aləmə məhəl qoymadan davam etdirir, hətta bu azmış kimi, ölkəmizi haqq səsinə görə, necə deyərlər, günahkar çıxarır.
Yeri gəlmişkən, bu məsələ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ermənistanın Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərən qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatda da öz ifadəsini tapıb. Həmin bəyanatda qeyd olunur ki, belə bir zavodun tikilməsi işğalçı dövlətin “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozması deməkdir. Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlamalıdır. Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi.
Bəyanatda daha sonra deyilir: “Bildiririk ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır.
Ermənistanın dağ-mədən sənayesi uzun illərdir ki, Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib”.
Ümumiyyətlə, belə bir təhlükəli müəssisənin məqsədli şəkildə ölkəmizlə sərhəddə, Arazın Azərbaycana tökülən hissəsində tikilməsi ekoterrordur. Metalların zəhərli tullantılarının Araz çayına axıdılması burada olan yüzlərlə köçəri quşun və balığın məhvi deməkdir. Düzdür, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, artıq bir çox bitki və heyvanların bu ərazilərdə gözə dəyməməsi bu ekoterrorla bağlıdır. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu getdikcə qatılaşır, rəngi dəyişir. Lakin bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini davam etdirməkdən çəkinmir.
Ekoloqlar bildirirlər ki, sözügedən zavod fəaliyyətə başlayandan sonra Araz çayının daha çox çirklənməsi ilə yanaşı, həm də istehsal zamanı müəssisənin atmosferə atacağı qaz və metal tozlar külək vasitəsilə ətrafa yayılacaq, bununla da sərhəddə yerləşən yaşayış məntəqələri, eyni zamanda, muxtar respublika üçün təhlükəli vəziyyət yaranacaq.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Ermənistanın müəyyən dövrlərdə transsərhəd çaylar vasitəsilə ölkəmizə qarşı ekoterror törətdiyi məlumdur. İşğalçı dövlət bu dəfə isə ABŞ-da qeydiyyatda keçən şirkətlə birgə metallurgiya zavodu tikməklə, necə deyərlər, bütün sərhədləri keçir, daha dəhşətli əmələ əl atır. Çünki tikiləcək müəssisənin kimyəvi tullantıları Araza axıdılmaqla bu çayın flora və faunasına ciddi zərər verməklə bərabər həmin bölgədə fəaliyyət göstərən fermer təsərrüfatlarına və insanların sağlamlığına ciddi təhlükə yaradacaq. Ermənistan bu cür ekoloji terror törətməklə 1991-ci il Espo konvensiyasını pozur. Bununla da işğalçı dövlət müəssisənin tikintisini reallaşdırmaqla “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndrilməsi” prinsiplərini bilərəkdən pozur.
Ümumiyyətlə, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də, ümumilikdə, bölgə üçün ciddi ekoloji təhdid yaradır.
Qeyd edim ki, Azərbaycan və Ermənistan adıçəkilən Konvensiyanın tərəfləri olduğu üçün həmin sənədə əsaslanaraq zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işini birgə aparmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, işğalçı dövlət regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur.
Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır.
Hazırda isə Ermənistan ekoloji cinayətini davam etdirməklə, ətraf mühitə ciddi ziyan vurmaqla Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


