Həmin yataqlar blokunda tikilən ACE platforması vasitəsilə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunan Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri–Çıraq–Günəşli”nin (AÇG) işlənilməsində yeni dövr başlandı.
Dövlətimizin başçısı akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimindəki çıxışında ölkəmizin digər yataqları arasında “Azəri”, “Çıraq” və “Günəşli”nin xüsusi yer tutduğunu bildirərək deyib: “Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır.
Ancaq “Azəri–Çıraq–Günəşli”nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını “Azəri–Çıraq–Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, “Azəri–Çıraq–Günəşli” yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir”.
Hazırda “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi də yuxarıda adıçəkilən 2017-ci il 14 sentyabr tarixli Saziş çərçivəsində reallaşır.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl, iyulun 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaydığı məlumatda bildirilirdi ki, Xəzərin Azərbaycan sektorunda yerləşən AÇG neft-qaz yataqları blokunda tikilən ACE platformasının üst modulu ASCO-nun “STB-1” barjına yüklənərək dənizdəki əməliyyat yerinə yola salınıb.
Xatırladaq ki, yaxın vaxtlarda ACE platformasında ilk hasilat quyusunun qazma işlərinə başlanılması nəzərdə tutulub. Bunun üçün platformada tikinti-quraşdırma layihələrinin sürətlə icrası məqsədilə üst modulların inşa edildiyi Bayıl sahəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb. Çünki dənizə yola salınan həmin üst modulların əsas istismar sınaqları və yoxlamaları burada həyata keçirilib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bu il aprel ayının 4-də Bayıl tikinti-quraşdırma sahəsində ACE platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib. Həmin mərasimdə dövlətimizin başçısına ACE layihəsi üzrə yekun investisiya qərarının 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra “Azəri–Çıraq–Günəşli” tərəfdaşlarının ilk böyük investisiya qərarı olduğu bildirilib. Mərasimdə ölkə rəhbərinə verilən məlumatda dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platformasının və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğuların daxil edildiyi, eyni zamanda, layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı vurğulanıb.
Bu layihə haqqında fikir bildirən mütəxəssislərin sözlərinə görə, dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində – “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihə çərçivəsində çəkilən yataqdaxili yeni sualtı boru kəmərləri platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressor və suvurma platformasından “Azəri–Mərkəzi–Şərqi” qurğularına nəql etmək məqsədilə “Azəri–Mərkəzi–Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti olacaq.
Mütəxəssislərin məlumatına əsasən, “Azəri–Mərkəzi–Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilən çəkisi isə 19 min 600 tondur.
Üst modullar yuxarıda xatırlatdığımız Bayıldakı tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib.
Üst modulların tikinti işlərində ən yüksək mərhələsi Xəzərdə BP-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı olub. Bu proses zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə “Azəri–Mərkəzi–Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib. Bu dövrdə tikinti işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.
Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri–Mərkəzi–Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.
“BP-Azərbaycan” şirkətindən redaksiyamıza daxil olan məlumatda qurumun Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counzun qeydləri də yer alıb: “Biz ACE platformasının son hissəsini dənizə yola saldıq. İnanırıq ki, bu platforma sistem və proseslərin avtomatlaşdırılmasına və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradacaq ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir. Bu platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə olunacaq ilk dəniz platforması kimi tarixə düşəcək”.
Qəri Counz daha sonra bildirir ki, belə bir mürəkkəb layihə – quruda aparılan bütün tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılıb və əməliyyatın yüksək səviyyədə tamamlanmasında podratçılar, tikinti, istismar sınaqları, texniki təhlükəsizlik və mühəndis qrupları, ümumiyyətlə, bütün işçi qüvvəsi tərəfindən böyük fədakarlıq göstərilib.
Üst modulların tezliklə təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağı planlaşdırılır. Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlanılması və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanması nəzərdə tutulur.
ACE platformasının üst modulları neft və qaz emalı qurğularından, qazma qurğusu və avadanlıq kompleksindən, qaz kompressorundan və yaşayış bloklarından ibarətdir. Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.
Platforma və qurğular gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılıb.
V.BİNYATOĞLU, “Xalq qəzeti”


