Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini getdikcə gücləndirən Azərbaycan “yaşıl keçid” platformasının da əsas iştirakçılarından birinə çevrilib. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarətdir.
Azərbaycanın alternativ və bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar ölkəmizdə 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Bütövlükdə isə, hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerji payı 17,3 faiz təşkil edir.
Yeri gəlmişkən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerji payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin yeni enerji siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanın Avropanın dekarbonizasiyasında fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl enerji” təchizatçısına çevrilməyi hədəfləyir. Bunun isə yaxın illərdə reallaşacağı şübhəsizdir. Çünki bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Əldə edilən razılaşma çərçivəsində Qara dəniz enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. Həmin kabel Azərbaycanda hasil edilən “yaşıl” elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Sözügedən saziş Azərbaycanın “yaşıl enerji”sinin Avropaya çatdırılmasını nəzərdə tutur. Sazişə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabeli çəkiləcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl enerji”ni Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək.
Yeri gəlmişkən, Oksford Enerji Tədqiqatları İnstitutunun baş elmi işçisi Culian Bouden bugünlərdə mətbuata açıqlamasında deyib ki, Avropanı “yaşıl enerji” ilə təmin etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu gücləndirəcək. Bu layihənin iddialı olduğunu hesab edən mütəxəssis bunun üçün, ilk növbədə, texniki və kommersiya məsələlərinin həllinin, fiziki kabel çəkməyin lazım olduğunu bildirib. “Bu marşrut boyunca təchizat üçün elektrik enerjisi istehsalını təmin etmək lazımdır. Əgər bütün bunlar həyata keçirilə bilərsə, o zaman bu layihə Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı kimi rolunu gücləndirməyə kömək edəcək”, – deyə Bouden bildirib.
Bütövlükdə isə, ölkəmizin Avropanın dekarbonlaşdırılmasına verdiyi töhfədən danışan ekspert Azərbaycan qazının Avropada kömür istehlakının azaldılmasında, beləliklə, dekarbonizasiyada rol oynadığını vurğulayaraq deyib: “Biz hamımız karbonsuz gələcəyə doğru gedirik və bütün ölkələr bu prosesin müxtəlif mərhələlərindədir. Azərbaycan bir növ şanslıdır ki, kömürü öz enerji balansından çıxarmaq məcburiyyətində deyil–ölkə bunu onilliklər öncə edib”, – deyə o əlavə edib. Tədqiqatçı alim açıqlamasında, həmçinin qeyd edib ki, hazırda Azərbaycan külək və günəş enerjisi sahəsində layihələr həyata keçirməyə başlayır, ölkənin Avropanın əsas “yaşıl enerji” təchizatçısı olması üçün hələ çox yolu var.
Bütövlükdə isə, ekspertlər Qara dəniz kabelinin çəkilməsini nəzərdə tutan bu layihənin Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bərpaolunan enerji sektorunun inkişafına və tranzit imkanlarının artırılmasına töhfə verəcəyi qənaətindədirlər. Onlar hesab edirlər ki, bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq.
İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan 2021-ci ildən öz qaz həcmləri ilə Avropa məkanına daxil olub. Əgər həmin il Avropa bazarına 8 milyard 153 milyon kubmetr “mavi yanacaq” ixrac etmişdiksə, sonrakı ildə bu həcm 11,4 milyard kubmetr təşkil edib. Bu ilin birinci yarımilliyinin göstəricisini də əlavə etsək, “köhnə qitə”yə, hardasa, 25 milyard kubmetrdən çox qaz satdığımızı deyə bilərik. Bu həcmlər real olaraq Avropa bazarlarına öz töhfəsini verib. Çünki əgər bu olmasaydı, Avropa ya kömürdən, ya atomdan, ya da odundan istifadə edəcəkdi. Bununla da, ətraf mühitə ziyan vurmuş olacaqdı.
Düzdür, müəyyən qədər “yaşıl enerji”dən istifadə etsəydi belə, ancaq karbon emissiyasının artımının qarşısını almaq mümkün olmazdı. Demək, biz emissiyaların azaldılmasında müəyyən dərəcədə iştirak etmişik. Yəni biz ənənəvi enerji ixracı ilə onların ekologiyasına, bütövlükdə isə, dünya üzrə dekarbonizasiyaya töhfə vermişik.
Hələlik, Azərbaycan Avropa bazarlarına “yaşıl enerji” ixrac etmir. Çünki hazırda bunun üçün nə infrastruktur var, nə də əlimizdə hansısa bir həcm yoxdur ki, onu ixrac edə bilək. Şübhəsiz, yaxın illərdə belə imkanımız olacaq. Əsas odur ki, Azərbaycan özü üçün o yolu indidən müəyyənləşdirib. Bu istiqamətdə, yəni ənənəvi enerjinin azaldılması, “yaşıl enerji” yönümündə bir yol xəritəsi var. Ölkəmiz artıq bu istiqamətdə ilkin addımlarını atır.
Əslində, Azərbaycan 2010-cu ildən sonra dünyada dekarbonizasiya prosesinə böyük töhfələr verməyə başlayıb. Nəzərə alaq ki, emissiyaların artmasına ən çox neft təsir edir. Əgər 2010-cu ildə ölkəmizdə 50,8 milyon ton hasil edilibsə, hazırda bu həcm, təqribən, 30 milyon tonadək azalıb. Təsəvvür edin, 13 ildə hasilatı 20 milyon ton azaltmışıq. Maye karbohidrogenin bu qədər azaldılması isə, heç şübhəsiz, dekarbonizasiyaya böyük bir töhfədir. Göründüyü kimi, məsələ heç də “yaşıl enerji” istehsalını artırmaqda deyil. Digər tərəfdən, 2010-cu ildə biz 15 milyard kubmetrdən də az əmtəəlik qaz istehsal etmişdiksə, artıq bu həcm 36 milyard kubmetrə çatdırılıb. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi böyük töhfədir. Yaxın illərdə isə ölkəmiz özünün bərpaolunan enerji potensialını hərəkətə gətirməklə Avropanın “yaşıl enerji” ilə təminatına, bütövlükdə isə, dekarbonizasiya prosesinə real töhfə verəcək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


