Bakıda yerli şirkətlərin sərgisi davam edir

post-img

Artıq ikinci gündür ki, “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi davam edir.

150-dən çox şirkətin məhsul və xidmətlərinin təqdim olunduğu sərgidə sahibkarlar arasında ikitərəfli görüşlər keçirilir.

Regionun ilk və tək “Fintech As A Service” xidmətinin təminatçısı olan “United Payment” MMC sərgidə iştirak edir.

 “United Payment” şirkətinin nümayəndəsi açıqlamasında bildirdi ki, sərgidə iştirakın əsas məqsədi yerli şirkətlərin ən müasir elekronik ödəmə alətlərindən istfadəsinə dəstək göstərmək, eləcə də onlayn ödənişləri müştərilər üçün daha əlçatan etməkdən ibarətdir. Bununla da, “United Payment” MMC olaraq ölkənin Rəqəmsal Ödəniş Strategiyasına və iqtisadiyyatın inkişafına töhfə vermis oluruq.

Sərgidə ölkənin ən qabaqcıl gömrük brokeri şirkəti olan “Mobil Broker” və onun daxil olduğu “Mobil Group” şirkətlər qrupu da sərginin iştirakçıları arasındadır. 

"Mobil Group" şirkəti iş adamlarını və sahibkarları sərgidə iştiraka və öz stendlərinin ziyarətinə dəvət edir. 10 nömrəli stenddə təmsil olunan "Mobil Group" şirkətinin nümayəndəsi ilə söhbətimizdə qeyd etdi ki, şirkətin mütəxəssislərindən bizneslə bağlı çoxsaylı sahələr, o cümlədən beynəlxalq yük daşımaları və gömrük rəsmiləşdirmələri üzrə faydalı məsləhətlər ala, tərəfdaşlıq yarada bilərlər. 

"Mobil Group" şirkətinin direktoru, gömrük rəsmiləşdirilməsi sahəsində tanınmış mütəxəssis Vüsal Xəlilov iş adamlarına müraciət edərək onları “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgiyə qatılmağa dəvət edib.

Hazırda “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” mövzusunda panel müzakirələri keçirilir. 

Qeyd edək ki, KOBİA sərgidə ayrıca stendlə təmsil olunur. Agentliyin dəstəyi ilə stenddə qida, kənd təsərrüfatı, nəşriyyat, sənaye, İKT və xidmət sahələrində fəaliyyət göstərən 13 KOB subyekti, o cümlədən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından 2 sahibkar məhsul və xidmətlərini təqdim edir. 

Anar ƏLİ,

“Xalq qəzeti”



İqtisadiyyat