Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşündə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.
Görüş çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Həmçinin təbii qaz ticarəti, maye təbii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.
Yeri gəlmişkən, Azərbaycan–Macarıstan əlaqələri getdikcə genişlənir, iqtisadi sahədə yüksək nəticələr əldə edilir. Prezident İlham Əliyevin bu ölkəyə cari ilin yanvar ayında səfəri çərçivəsində imzalanan sənədlər də ikitərəfli əməkdaşlığın davamlı şəkildə möhkəmlənməsini şərtləndirir.
Dövlətimizin başçısı martın 6-da Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bu barədə ətraflı danışıb. Ölkə rəhbəri M.Nadınin bu səfərinin əldə olunan razılığa əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını bildirib.
Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri arasında keçirilən görüşdə də iki ölkə arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait olduğu və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görüldüyü vurğulanıb.
Bütün bunlar onu göstərir ki, iki ölkə arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir, müxtəlif sahələr üzrə əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Ümumiyyətlə, bu dost dövlət Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qabarıq büruzə verir. Geniş iqtisadi potensiala malik bu dövlətlərin iqtisadi əməkdaşlığının daha da genişlənməsində imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamıza 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycanın isə dost ölkəyə18,1 milyon ABŞ dolları həcmində investisiya yatırması bunun məntiqi nəticəsidir.
Son illər ərzində iki ölkə arasında ticarət əlaqələri də dinamik şəkildə genişlənib. Belə ki, 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici 47,4 milyon ABŞ dolları səviyyəsinə yüksəlib. Bununla da hesabat ilində əmtəə dövriyyəsi 2021-ci illə müqayisədə 34,81 faiz artıb.
Hazırda Macarıstan şirkətləri tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərilir, bununla bağlı ölkəmizə müvafiq layihələr təqdim edilir. Döst dövlət düşməndən təmizlənən torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun bariz ifadəsidir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmasının əhəmiyyətini yüksək dəyərləndirir.
Bütün bunlar onu göstərir ki, iqtisadi-geostrateji üstünlüklərdən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”