Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam nəqliyyat sisteminin təkmilləşməsinə yönəlmiş qərardır - Ekspert

post-img

Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam ölkəmizdə nəqliyyat sisteminin tənzimlənməsinə və təkmilləşməsinə yönəlmiş bir qərardır. Mobilliyin təmin olunması, yol və nəqliyyat infrastrukturunun inkişafı, yol hərəkətinin təşkilinin və təhlükəsizliyinin tənzimlənməsi vacib bir sahədir. Həmçinin nəqliyyat qurumlarının bir-biri ilə koordinasiyalı işləməsi də önəmlidir. Bu Sərəncam öz-özlüyündə həmin əlaqəni təmin edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı söyləyib.

“Düşünürəm ki, Əlaqələndirmə Şurasının fəaliyyəti xüsusi proqram üzrə həyata keçiriləcək. Bu da bütün aidiyyəti orqanların gördükləri işlər barədə məlumatların vaxtında paylanılmasına gətirib çıxaracaq. Nəticədə digər üzvlər də məlumatlarla tanış olacaqlar”, - deyə E.Muradlı bildirib.

Ekspertin fikrincə, Əlaqələndirmə Şurasının olmaması indiyədək müəyyən problemlərə gətirib çıxarırdı. Bundan sonra hər bir nəqliyyat təşkilatı görülən və görüləcək işlər barədə əvvəlcədən məlumatlandırılarsa, bu da öz müsbət təsirini göstərək. Sözsüz ki, vahid bir idarəetmə sisteminin təməli qoyulur. Əminliklə deyə bilərik ki, bu Şura sayəsində proseslərin tək bir mərkəzdən idarə olunması nəticəsində çox yaxın zamanlarda yol və nəqliyyat ilə bağlı bütün istiqamətlərdə inkişafın şahidi olacağıq.

İqtisadiyyat