Politoloq: Neft-qaz sahəsində SOCAR-la Özbəkistan arasında böyük layihələr hazırlanır

post-img

Azərbaycan hazırda Özbəkistanla əlaqələrini ən yüksək səviyyəyə çatdırıb. Nəzərə almalıyıq ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Türk Dövlətləri Təşkilatı daha da gücləndi. Azərbaycan Cənubi Qafqazın ən vacib və strateji ölkəsi kimi bu prosesdə daim ön sıralarda yer alıb. Son illər Azərbaycan və Özbəkistan arasındakı əlaqələr daha da güclənib. Prezident İlham Əliyevin ötən il Özbəkistana səfəri və imzalanan Daşkənd Bəyannaməsi də iki ölkə münasibətlərinə yeni və inkişaf edən bir fon qazandırdı. Azərbaycan və Özbəkistan hazırda dünyadakı önəmli kommunikasiya xətlərinin mərkəzində yerləşir. Bu baxımdan iki ölkənin münasibətləri qlobal iqtisadi münasibətlər sistemində də vacib əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O qeyd edib ki, Daşkənddə əldə edilən razılaşmalardan sonra iki ölkə nümayəndələri arasında görüşlər mütəmadi keçirilib. Dünənki görüşdə Azərbaycan Prezidenti görüşlərin davam etməsinin mühüm əhəmiyyətindən bəhs etdi. Ölkə başçısı vurğuladı ki, bütün istiqamətlər üzrə çox fəal qarşılıqlı fəaliyyət aparılır.

Prezident İlham Əliyev söylədi ki, ötən il münasibətlərimizin inkişafında rekord il olub. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ildən formalaşıb. Sonrakı illərdə siyasi əlaqələr, eyni zamanda, iqtisadi müttəfiqliyin də dərinləşməyinə səbəb oldu. Özbəkistanla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətə malikdir.

Politoloq bildirib ki, Özbəkistanın neft-qaz məhsullarımıza daim marağı olub. Azərbaycan dünyada enerji təhlükəsizliyinə vacib töhfələr verib. Belə ki, Azərbaycanın bu sahədə davam edən uğurları Mərkəzi Asiya ölkələrinin iqtisadi maraqlarında vacib yer tutur. Artıq iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni modelləri formalaşıb. Özbəkistan rəhbəri də söylədi ki, tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir.

Neft-qaz sahəsində SOCAR-la Özbəkistan arasında böyük layihələr hazırlanır. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və bu proses tədricən inkişaf etdiriləcək.

T.İsmayılov deyib ki, iyul ayında SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin bu sahədə əməkdaşlığı xüsusi vacibdir. “Yol Xəritəsi”nin müddəalarının icrası ilə bağlı yaradılmış işçi qruplarının ötən dövr ərzində qarşılıqlı səfərlərinin və görüşlərinin keçirilməsi mühüm detaldır.

Azərbaycan və Özbəkistan qardaşlığı iqtisadi baxımdan bütün türk coğrafiyasına faydalı olacaq.

İqtisadiyyat