Yaxın üç il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) investisiya layihələrinin gözlənilən portfeli 750 milyon dollar təşkil edir.
Bu barədə Trend-ə AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
"Yaxın üç il ərzində investisiya layihələrinin gözlənilən portfeli 750 milyon dollar təşkil edir, 2023-cü ildə energetika, nəqliyyat, özəl sektor, kiçik və orta sahibkarlıq, həmçinin bank sektoru kimi bir sıra sahələrdə 300 milyon dollara yaxın investisiya qoymağı planlaşdırırıq", - o deyib.
Nəqliyyat sahəsinə toxunan K.Mahmudova Avropa ilə Asiyanı birləşdirmək üçün Azərbaycanın Orta Dəhlizə inteqrasiyasına kömək edəcək layihələrə investisiyaların ayrılacağını qeyd edib. Ümumilikdə AYİB layihələri əsas diqqəti dəmiryolu daşınmaları, Xəzər dənizi və Qara dəniz vasitəsilə tranzit kimi nəqliyyat-logistika əlaqələrinin təkmilləşdirilməsinə yönəltməklə nəzərdən keçirilir.
Xatırladaq ki, 2022-ci ildə AYİB Azərbaycanda doqquz layihəyə 86 milyon avro investisiya qoyub. İnvestisiyaların 71 faizi ölkədə "yaşıl" iqtisadiyyatın inkişafına, bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastrukturun yaradılmasına, habelə telekommunikasiya, KİV və texnologiya sektoruna yönəlib. Bundan başqa, ötən il AYİB Azərbaycanda enerji mənbələrinin diversifikasiyasına mühüm töhfə verib.