Babək və Şahbuzda açıq hava idman qurğuları istifadəyə verilib

post-img

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən görülmüş işlərin nəticəsi olaraq Babək rayonunun Cəhri qəsəbəsində və Şahbuz şəhərində də sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib.

Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayevin iştirakı ilə yeni istifadəyə verilmiş açıq hava idman qurğularının təqdimatı baş tutub. Təqdimat zamanı çıxış edən rəsmilər vətəndaşların sağlamlığının qorunması, gənclərin fiziki inkişafı baxımından bu cür infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb, idman alətlərindən səmərəli və məqsədyönlü istifadənin vacibliyini qeyd ediblər. Yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq sadə tipli açıq hava idman qurğularının istifadəyə verilməsi prosesi muxtar respublikanın bütün rayonlarını əhatə edəcək. Ötən gün Babək şəhərində və Babək rayonunun Nehrəm qəsəbəsində də təqdimatlar baş tutub. Yaxın günlərdə bu siyahıya Şərur, Ordubad və Culfa şəhərləri, o cümlədən Sədərək rayonunun Sədərək kəndi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi də əlavə olunacaq.

Qabil YUSİFOĞLU
XQ







İdman