Mourinyonun sabiq köməkçisi: Azərbaycandan gələcək təklifləri nəzərdən keçirməyə açığam

post-img

Məşqçilik karyerası ərzində Portuqaliyanın “Portu”, İtaliyanın “İnter”, İspaniyanın “Real Madrid”, İngiltərənin “Çelsi” kimi məşhur komandalarında tanınmış mütəxəssis Joze Mourinyonun köməkçisi işləmiş, hazırda isə Türkiyənin “Bodrumspor” klubunun baş məşqçisi olan portuqaliyalı Joze Moraiş AZƏRTAC-a eksklüziv müsahibə verib. O, Azərbaycan millisinə rəhbərlik edən həmyerlisi Fernandu Santuş və digər mövzular barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

- Həmyerliniz Fernandu Santuş Azərbaycan millisinə rəhbərlik edir. Onun işini necə qiymətləndirirsiniz?

- Santuş çox təcrübəli mütəxəssisdir. O, Portuqaliya və Yunanıstan millisində işlədiyi dönəmdə güclü müdafiə qurma bacarığı və taktikası etibarlı olan intizamlı baş məşqçi kimi tanınır. Düzünü desək, Azərbaycan millisinin heyətində olan oyunçular yüksəksəviyyəli təcrübəyə malik deyillər. Santuşun da taktikası dərhal komandaya kömək edə bilməz. Bunun üçün müəyyən vaxt lazımdır.

- Sizcə, onun hansı taktikası bundan sonra komandaya kömək ola bilər?

- O, sürətli, reaktiv oyun tərzinə üstünlük verir. Bunun üçün yüksək konsentrasiya və intizamlı müdafiəçilər tələb olunur. Ola bilsin ki, Azərbaycan millisində bunu davamlı olaraq edə bilən müdafiəçi yoxdur.

- Bəs, bunları inkişaf etdirmək üçün nələr lazımdır?

- Azərbaycanlı futbolçularının çoxu Avropa klublarında oynamırlar. Oyunçular ölkə daxilində və ya aşağı səviyyəli xarici komandalarda çıxış edirlər. Təcrübə toplamaq üçün vaxt lazımdır. Ölkə xaricində oynamaq yığmaya böyük fayda verir.

- Fernandu Santuşun Azərbaycan millisinə fayda verəcəyinə inanırsınız?

- Komandaya yeni gələn futbolçu və ya məşqçi həmin an kollektivə uyğunlaşa bilməz. Bunun üçün müəyyən vaxt tələb olunur. Santuş yığmaya taktiki nizam-intizam kifayət qədər yaxşı aşılaya bilən mütəxəssisdir. O, Azərbaycan futbolunun imicini yüksəldə bilər. Sadəcə, buna zaman lazımdır.

- Yığma dünya çempionatının seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya ilə eyni qrupda yer alıb. Şansları necə qiymətləndirirsiniz?

- Azərbaycan millisinin qısa müddət ərzində Fransa və digər nəhəng komandalarla rəqabət aparması real görünmür. Əvəzində isə Ukrayna kimi aşağı reytinqli kollektivlərə qarşı oynayaraq, yaxşı təcrübə əldə edib, gələcək hədəflər qura bilərlər. İnanıram ki, Santuşun təcrübəsi komandanıza fayda verəcək.

- Ümumiyyətlə, Azərbaycan futbolu barədə məlumatınız varmı?

- "Qarabağ" və "Neftçi" komandalarını çox yaxşı tanıyıram. Hər iki kollektiv mütəmadi olaraq avrokuboklarda mübarizə aparırlar.

- Maraqlıdır, ölkəmizdən təklif gəlsə, buna reaksiyanız nə olar?

- Mən Azərbaycandan gələcək təklifləri nəzərdən keçirməyə açığam.



İdman