Əsas hədəf avrokuboklardır
Azərbaycan basketbolsevərləri ötən ilin oktyabrından davam edən 30-cu ölkə çempionatında bir-birindən maraqlı oyunlar izlədilər. Azərbaycan Basketbol Liqasının (ABL) final oyununda “Sabah” və “Neftçi” komandaları arasında qalib adı uğrunda gərgin rəqabət getdi. Maraqlı mübarizə şəraitində keçirilən oyun “tələbələr”in üstünlüyü ilə başa çatdı.
“Netçi” üzərində mübarizə asan olmasa da, çempionluq əldə edildi. Seriyada 4:2 hesablı qalibiyyət əldə edən “Sabah” ardıcıl 3-cü dəfə ABL-in qızıl medallarına sahib çıxdı. Bundan əvvəl “Sabah” 2024-cü ildə isə “Xəzri”ni, 2023-cü ildə isə “Gəncə”ni məğlub edərək bu titula sahib olub.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Sənan Əliyev “Xalq qəzeti”nə açıqlamasında budəfəki çempionatda yeni reqlamentin tətbiq olunduğunu, ümumilikdə, 12 komandanın mübarizə apardığını dedi. O qeyd etdi ki, ötən ilin nəticələrinə görə, A və B qruplarının hərəsində 6 komanda mübarizə aparırdı. B qrupunda, əsasən, region komandaları yarışırdı. Onların arasında “Şəki” komandasının yüksək səviyyəli oyun sərgiləməsi sürpriz nəticə sayıla bilər. Komandadan bu nəticəni çoxları gözləmirdi. Ötən il “Gəncə” komandasında çalışan türkiyəli baş məşqçi Bedri Meriç “Şəki”nin sükanı arxasında onu qrup qalibi edə bildi.
Düzdür, A qrupunda “Sabah”ın qələbəsi gözlənilən idi. Ancaq “Neftçi” final oyununda rəqibə çətin anlar yaşatdı. Hesab 2:0 “Sabah”ın xeyrinə olduğu bir zamanda “ağ-qaralar” onu bərabərləşdirə bildilər. Onu da deyək ki, “Neftçi mövsümə pis başlamışdı. Amma klub 6 oyunluq məğlubiyyət seriyasından sonra oyun strategiyasını dəyişdi. Eyni zamanda, məşqçi dəyişikliyi oldu. Nəticədə, komanda pley-offa vəsiqə qazana bildi. Final seriyasının bütün matçlarında kollektiv böyük səylə mübarizə apardı. Əslində, 2 qələbənin özü də “Neftçi” üçün böyük uğurdur. “Gəncə” güclü heyətə rəğmən istədiyi mübarizəni göstərə bilmədi. Əsas rəqibləri Şəkiyə 4/1 finalda məğlub oldu. A qrupunda “Abşeron” potensialından maksimum istifadə etdi. Ötən ilin finalçısı “Naxçıvan”ı məğlubiyyətə uğratdı.
A qrupunun ən dəyərli basketbolçusu Hassani Qravet, “B” qrupunda mövsümün ən yaxşısı isə “Şəki”nin oyunçusu Roti Veyr seçilmişdi.
Sənan Əliyev Azərbaycan kuboku oyunlarında da basketbol klublarının fəal mübarizəsini qeyd etdi: “NTD klubunun basketbolçuları da əla mövsüm keçirdilər. Kollektiv Azərbaycan Kubokunun final oyununda “Gəncə” klubunu məğlub edərək qalib adını qazandı. Finalın ən dəyərli basketbolçusu (MVP) NTD-nin müdafiəçisi Detrek Brauninq seçildi.
“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov çempionluğun asan olmadığını, “Neftçi”nin sonacan mübarizə apardığını dedi. O qeyd etdi ki, ardıcıl 3-cü dəfə bu adı qazanmaq gözəl hissdir.
“Sabah” ölkə çempionatının qalibi olmaqla, FIBA Çempionlar Liqasında iştirak hüququ əldə etdi. İndi əsas məqsəd qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün komanda əlindən gələni etməlidir. Əsas hədəf isə avrokuboklara yaxşı hazırlaşıb, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir.
“Quba” komandasının baş məşqçisi Şəhriyar Əsgərov əvvəldən “Sabah”ın çempion olacağını proqnozladırdığını bildirdi: “Əvvəldən proqnozum o idi ki, “Sabah” çempion olacaq. Balanslaşdırılmış heyətə malikdir. İlk 5–liyi çox güclüdür “Sabah” çox güclü heyətə malikdir. Baxmayaraq Endər Poladxanlını mövsümün ortasında itirdilər, Ramiz Quliyev və Şirzad Şirzadov komandaya çox kömək etdilər. “Neftçi” də qələbəyə layiq oyun nümayiş etdirdi. Amma, neyləmək olar, bacardığını ortaya qoysa da, “Sabah”ın öhdəsindən gələ bilmədi. Qalib komandanı bu böyük qələbəyə görə təbrik edirik. Ümumiyyətlə, bu mövsüm basketbolumuz üçün uğurlu oldu.
“Quba”nın oyununa gəldikdə, yeni yığdığımız yuxarı səviyyəyə qaldırmaq üçün böyük səy göstərdik. Düşünürəm bu, bizə müyəssər olmadı. “Ordu”, “Sumqayıt”, “Lənkəran” kimi klublara qalib gəldik. Heç bir oyunda mübarizəsiz məğlub olmadıq. Komandanın bütün kollektivinə mövsüm ərzində göstərdikləri oyunlara görə, təşəkkür edirəm.
“Sabah” ölkə çempionatının qalibi olmaqla, FIBA Çempionlar Liqasında iştirak hüququ əldə etdi. İndi əsas məqsəd qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün komanda əlindən gələni etməlidir. Əsas hədəf isə avrokuboklara yaxşı hazırlaşıb, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir.
Leyla QURBANOVA
XQ