Azərbaycanın daha iki şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb

post-img

Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Nicat Abasov əldə edib. Son turda heç-heçə oynayan təmsilçimiz 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran şahmatçımız Read Səmədov ilk “20-liyə” daxil olub.

Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıblar. Yekun sıralamada 12-ci yeri tutan Read Səmədov bu il baş tutacaq Dünya Kubokunda iştirakını təsdiqləyib. Eyni zamanda, ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqə əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.

Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib.

Qeyd edək ki, çempionatı 8-ci yerdə başa vuran Nicat Abasov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda qazanıb.

İdman