Azərbaycanda ağırlıqqaldırma idmanında tarixi ilkə imza atılıb.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Bəhreyndə keçirilmiş növbəti konqresində Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatı böyük maraqla qarşılanıb.
Təqdimat zamanı konqres iştirakçılarına ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin idmana dövlət səviyyəsində diqqət və qayğı göstərdiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.
Avropa Ağırlıqqaldırma Akademiyasında beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiriləcək. Akademiyadakı tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Akademiyanın Bakıdakı ASK Arenada yerləşməsi nəzərdə tutulub.
Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub.
Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənilib, kommersiya tərəfdaşlarının təqdimatı baş tutub. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edilib.
L.QURBANOVA
XQ