Azərbaycan Şahmat Federasiyasında ilin son iclası keçirilib

post-img

Azərbaycan Şahmat Federasiyasında (AŞF) İcraiyyə Komitəsinin bu ilin son iclası keçirilib.

AŞF-nin mətbuat xidmətindən verilən məlumata görə, iclasda federasiya tərəfindən hazırlanan şahmatçıların etik davranış qaydaları müzakirə edilərək qəbul edilib. Qısa zamanda dərc olunacaq etik davranış qaydaları şahmatçıların diqqətinə çatdırılacaq.

İclasda, o cümlədən milli komandaların formalaşdırılması prinsipləri, milli üzvlərinə və istedadlı şahmatçılara dəstək proqramının şərtləri, təqaüdlə bağlı meyarlar müzakirə edilərək təsdiq edilib.

AŞF-nin Məşqçilər Komissiyasının cari il üçün hesabatı dinlənilib. Məşqçilər Komissiyasının sədri Anar Allahverdiyev il ərzində məşqçi-müəllimlər üçün 3 səviyyə üzrə 8 fərqli qrupda təşkil edilən seminarlar barədə geniş məlumat verib.

Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, Uşaq-Gənclər Komissiyasının rəhbəri Fərid Abbasov il ərzində təşkil edilən yarışlar, uşaq və gənclərin hazırlıq prosesi, AŞF-nin nəzdində fəaliyyət göstərən Şahmat Akademiyasında dərslərin gedişatı barədə danışıb. Federasiya tərəfindən bu il uşaq və gənclərin dünya, o cümlədən Avropa çempionatındakı nəticələri qeyri-qənaətbəxş hesab edilib, növbəti il üçün komissiyaya inkişafla bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sonda 2025-ci ildə keçiriləcək yarışların təşkilatı işləri ilə bağlı tapşırıqlar verilib.









İdman