1976-cı ilin yayı idi...

post-img

O gün futbolumuzun bir əsrlik yubileyi münasibətilə 2011-ci ildə AFFA-nın nəşr etdirdiyi “Azərbaycan futbolu–100” kitabını vərəqləyirdim. Kitabın 81-ci səhifəsində 1976-cı ildə lentə alınmış foto diqqətimi çəkdi. Təqdim etdiyimiz fotodakı tablodan da göründüyü kimi, onda SSRİ çempionatının 1-ci dəstəsində yarışan “Neftçi” Respublika stadionunda Kişinyovun “Nistru” komandasını qəbul etmiş və 1:0 hesabı ilə qələbə qazanmışdır. Qolun müəllifi isə “11 nömrə” Nikolay Smolnikov olmuşdur.

Mənə maraqlı görünən foto ətrafında məlumatımı artırmaq istədim və bu məqsədlə axtarışa çıxıb, statistikaya müraciət etdim. Məlum oldu ki, moskvalı hakim Valeri Butenkonun idarə etdiyi oyun 1976-cı il iyunun 19-da keçirilmişdir. Həmin mövsüm Azərbaycan paytaxtı komandası üçün uğurlu olmuş, futbolçularımız 4 illik fasilədən sonra 1977-ci ildə yenidən güclülər dəstəsində çıxış etmək hüququ qazanmışlar.

İyirmi kollektivin yarışdığı 1-ci dəstədə çempionatın qalibi finişə 56 xalla çatan Alma-Atanın “Kayrat” komandası olmuşdur. Qazaxıstan təmsilçisindən 2 xal geri qalan “Neftçi” 54 xalla 2-ci yeri tutmuş və hər iki klub güclülər dəstəsinə vəsiqəyə sevinmişdir. Müqayisə üçün deyim ki, üçüncü yerin sahibi “Paxtakor” (Daşkənd) həmyerlilərimizdən 6 xal az toplamışdır.

Həmin yay axşamında stadionun tribunalarına toplaşan minlərlə pərəstişkarını 59-cu dəqiqədə Smolnikovun qolu ilə sevindirən “Neftçi”
qələbəni belə heyətlə qazanmışdı: Yuri Romenski, Rafiq Quliyev, Bəxtiyar Qulamov, Arif Orucov, Asəf Namazov, Tofiq Abbasov, Rafiq Əlizadə (Anatoli Banişevski, 46), Əli Rəhmanov, Elbrus Abbasov, Səməd Qurbanov, Nikolay Smolnikov.

Burada bir daha 48 yaşlı foto haqqında. Şəkildə Banişevskinin yüksəkdən ötürülən top uğrunda moldovalı müdafiəçilərlə əzmkar mübarizə apardığını görürük. Onun sağındakı oyunçu isə Elbrus Abbasovdur. Çempionat – 76-da 1-ci dəstənin ən məhsuldar futbolçusu da məhz Abbasov olmuşdur. Elbrusun dəqiq zərbələrindən sonra rəqib komandaların qapıçıları topu 28 dəfə tordan çıxarmışlar. Elə çempionatda ən çox qolun sevincini də “Neftçi” yaşamışdır. Həmin il komandamız 70 top vurmuşdur.

Bakı futbolçuları güclülər dəstəsinə qayıtdıqları ilk mövsumdə isə (1977-ci il) 16 komandanın mübarizəsində kifayət qədər etibarlı oyun nümayiş etdirib, 27 xal qazanmış və 13-cü yeri tutmuşlar. Çempionatda klubun ən sərrast oyunçusu 9 qolun müəllifi Smolnikov olmuşdur. Onun “Neftçi”nin tərkibində SSRİ çempionatlarında (güclülər dəstəsi və 1-ci dəstə) üst-üstə 79 top vurduğunu da xatırlaya bilərik.

A.Banişevski və E.Abbasovun, eləcə də, əbədiyyətə qovuşmuş digər futbolçularımızın ruhu şad olsun. Bu ilin mart ayında 75 yaşı tamam olmuş N.Smolnikov isə, deyəsən, hazırda Rusiyanın Kolomna şəhərində yaşayır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman