Böyük idman yolu uşaq dünyasından başlanır

post-img

Yüksək texnologiyalar, müasir qurğular və kompüter oyunları dövründə uşaqların fiziki fəaliyyəti getdikcə azalır. Onlar vaxtlarını həyətdə və ya idman meydançasında deyil, daha çox virtual aləmdə keçirirlər. Fiziki fəaliyyətin olmaması və oturaq həyat tərzi böyüməkdə olan orqanizmə mənfi təsir göstərir, yuxunun, ümumi sağlamlığın pozulmasına səbəb olur. Mütəxəssislərin bildirdiklərinə görə, idman fəaliyyəti gündəlik hərəkət ehtiyacını ödəməyə və uşağın bədənini nizamlı saxlamağa kömək edəcəkdir.

Ölkəmizdə idmanın inkişafı üçün yaradılan böyük imkanlar uşaqların erkən yaşlarda idmanla məşğul olmalarını əlçatan edib. Sadəcə müvafiq qurumlar, eləcə də valideynlər gələcək nəslin sağlamlığı üçün onları idmana yönəltməlidirlər.

İdman mübarizlik yaradır

Olimpiya çempionu, 2 qat dünya çempionu Fərid Mansurov uşaqları lap kiçik yaşlardan mübarizəyə alışdırmağın vacib olduğunu dedi:

– Uşaqlıqda həmişə mübarizəyə meyilli olmuşam. Karate, taekvondoda və digər idman növlərində özümü sınasam da, sonda güləşçi kimi şöhrət qazandım. Bunu hamı bilməlidir ki, qələbə uğrunda bütün gücünü toplasan da, sonda qalibiyyəti mübarizə ruhu gətirir. Həyatda bir şey diqqətimi çox çəkir: Bir çoxları qələbənin bir addımlığında dayandıqları üçün uğursuzluğa düçar olurlar. Bunun üçün də uşaqları lap kiçik yaşlarından mübarizəyə alışdırmaq lazımdır. Onlar özlərini sınamaqdan çəkinməməlidirlər. Belə olarsa, hər bir çətinliyin öhdəsindən rahat gələ bilərlər.

Erkən yaşların üstünlüyü

Bu gün Azərbaycanda uşaqların idmanla məşğul olması üçün hər bir şərait yaradılıb. Yetər ki, uşaqlarda idmana həvəs oyadaq. Uşaqların erkən yaşlarda idmanla məşğul olmaları ilə bağlı ümumi müşahidələr göstərir ki, bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Belə ki, uşaqların çox az hissəsi erkən yaşlarda idmana gedirlər. Sorğu apardığımız məktəblərdən 1-də, Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə üç 1-ci sinfin yalnız birində (rus bölməsi) 2 uşaq idmanla (cüdo, üzgüçülük) məşğul olur. Üç 2-ci sinifdən də birində (bu da rus bölməsi) 2 uşaq cüdo və gimnastikanın sirlərini öyrənir. İdmanla məşğul olan uşaqlar və onların valideynlərinin fikirlərinə görə, məşqlər nəinki dərslərə mane olmur, əksinə asudə vaxtlarını daha səmərəli keçirə bilirlər.

Niyə məhz cüdo?

Diqqətçəkən məqam isə odur ki, uşaqlar gimnastika, üzgüçülük kimi yüngül idman növləri ilə yanaşı, döyüş növlərindən olan cüdoya da maraq göstərirlər. Təbii ki, bu da onunla bağlıdır ki, Cüdo Federasiyası uşaqlar arasında kütləviliyin təmin edilməsi məqsədilə məktəblərdə maarifləndirici tədbirlər təşkil edir. Onlardan “Söz verirəm” sosial kampaniyasını diqqətə çatdırmaq lazımdır.

Kampaniyanın orta təhsil müəssisələrində təşkilində əsas məqsəd ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, həm də son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnamaya (bullinq) qarşı mübarizədir. Kampaniya uşaqları həmişə mübariz olmağa, yaşıdlarına hörmətlə yanaşmağa, dostluq, nəzakət, cəsarət kimi dəyərlərə hörmət etməyə çağırır. Bu çağırışa tanınmış cüdoçular, idmançılar, həmçinin ictimai fəal şəxslər də qoşulub.

Yelkən və yeni oyunlar

Sevindirici məqamlardan biri isə ölkəmizdə inkişaf etməkdə olan idman növlərinin uşaqlar arasında kütləviliyinin təmin edilməsi üçün atılan addımlardır.

Bakı şəhəri 8 nömrəli orta məktəbdə olduğumuz zaman öyrəndik ki, Yelkən Federasiyası məktəbdə bir sıra tədbirlər keçirib.

Bu idman növü üzrə İLCA və Optimist B komandasının baş məşqçisi Seyhun Yıldız Azərbaycan Yelkən Federasiyasının son illər ərzində 30-a yaxın ümumtəhsil məktəbində görüşlər keçirdiyini dedi:

– Yelkən idmanı ilə tanış olan və maraqlanan şagirdlər, ildə 4 dəfə təşkil edilən yay məktəblərinə yazılmaqla bacarıqlarını inkişaf etdirmək şansı qazanırlar. Bu, sadəcə, yelkən idmanına deyil, digər növlərə də marağın artmasına təsir edə bilər. Çünki şagirdlər fərqli idman növləri arasındakı əlaqələri başa düşməyə başlayırlar.

Baş məşqçinin sözlərinə onu da əlavə edək ki, məktəblərdə keçirilən bu cür idman görüşləri şagirdlərin komanda işini öyrənməsinə, məsuliyyət hissini inkişaf etdirməsinə və özünüifadə bacarıqlarının güclənməsinə də kömək edir. Fiziki sağlamlıq, dözümlülük və güc kimi keyfiyyətlərin formalaşması balaca dostlarımızda özünəinam və qərarvermə qabiliyyətini gücləndirir. Bu cür tədbirlər, yelkən idmanı ilə yanaşı, digər idman növlərinə də yönəlmiş məktəb proqramlarının əhəmiyyətini artırır və şagirdləri idmanla fəal məşğul olmağa təşviq edir.

İdman və dərslər

Sorğu zamanı idmanla məşğul olmayan uşaqlar və onların valideynlərinin fikirlərini də öyrəndik.

6–8 yaşlı uşaqların əksəriyyəti hər hansı idman növü ilə məşğul olmaq istədiklərini bildirdilər. Söhbət etdiyimiz valideynlərin çoxu isə 10 yaşdan yuxarı uşaqları idmana verməyin tərəfdarı olduqlarını dedilər. Bəziləri işlədikləri üçün vaxtlarının olmadığını, digərləri isə idman məşqlərinin dərslərə mane olacağını əsas gətirdilər.

Olimpiya çempionu F.Mansurovun fikrincə isə, bədəndə idman vərdişləri uşaqlıqdan formalaşmalıdır. 5–6 yaşdan idmana istiqamətləndirilən uşaqlar sağlam yetişməklə yanaşı, həm də xarakterləri inkişaf edir, düzgün vərdişlər yaranır. Onu da qeyd edək ki, kiçikyaşlılar atletika, gimnastika, stolüstü tennis və bu kimi yüngül növlərlə məşğul olub, tədricən digərlərində hazrlıqlarını davam etdirə bilərlər. Yaddan çıxarmaq olmaz ki, idman uşaqlar arasında sağlam rəqabət mühiti yaratmaq üçün gözəl vasitədir. Nailiyyətlərimizin çox olmasını istəyiriksə, uşaqları mübarizə ruhuna kökləməliyik. Çünki qələbə mübarizə ilə qazanılır.

L.AZAD
XQ



İdman