Bizi bu gün çox maraqlı oyun gözləyir. Təkcə Azərbaycanda deyil, Bolqarıstanda baş tutacaq cavab qarşılaşması da gərgin keçəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Səbail”də çıxış etmiş bolqarıstanlı yarımmüdafiəçi Emil Martinov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” və “Ludaqorets” (Bolqarıstan) komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
O, hər iki komandanın hazırlıq səviyyəsinin yüksək olduğunu bildirib: “Bu kollektivlər rəsmi görüşlər keçiriblər. Buna görə hazırlıq yaxşı səviyyədədir. Şansları əlli-əlliyə hesab edirəm. Çünki hansı komandanın mərhələni keçəcəyini demək çətin olacaq. Məncə, hər şey cavab matçında həll olunacaq”.
Otuz üç yaşlı futbolçu Bolqarıstan təmsilçisinin aqressiv futbol sərgilədiyini söyləyib: “Onların fərdi şəkildə yüksək səviyyədə oynayan futbolçuları var. Topa nəzarət baxımından da seçilirlər. Həm yerli, həm də legionerlər çox yaxşıdırlar. “Qarabağ”ın isə Abdulla Zubir kimi texnikalı oyunçusu var. O, hər saniyə rəqib müdafiəçilərə təhlükə yaradı bilir”.
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.