“Paris-2024”: Yığmamız medallar uğrunda mübarizəni davam etdirir

post-img

Boksçumuz finala vəsiqə qazana bilər

Paris Yay Olimpiya Oyunlarında indiyədək 3 medal əldə edən yığmamızın mükafatlar uğrunda mübarizəsi davam edir. 

Olimpiadada debüt edən Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi dünən son oyununda Kanada seçməsi ilə qarşılaşıb. Oyun millimizin məğlubiyyəti ilə başa çatıb. Komandamız qrupda 7-ci yeri tutub və bununla da olimpiadada çıxışını dayandırıb.

Qeyd edək ki, millimiz ilk İspaniya yığmasına məğlub olsa da, sonrakı qarşılaşmada ABŞ milli komandasını 20-17 hesabı ilə məğlub edib. Fransa və Avstraliya, Almaniya milliləri ilə matç isə komandamız üçün uğurlu alınmayıb. Qızlarımız Çin komandasına qarşı inamlı oyun sərgiləyiblər. Qarşılaşma millimizin 21:19 hesablı qələbəsi ilə başa çatıb. 

Avqustun 3-də üzgüçü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində çıxış edib. 6-cı qrupda finişə 26,76 saniyəyə çatan üzgüçümüz həmin “səkkizlik”də 3-cü yeri tutub. Ümumilikdə isə 79 idmançı arasında ən yaxşı nəticəyə malik 16 üzgüçü yarımfinala adlayıb. Onların arasına düşə bilməyən idmançımız Olimpiadada çıxışını başa vurub.

Azərbaycan avarçəkəni Diana Dımçenko da Oyunlarda çıxışını dayandırıb. Belə ki, dünən 2000 metr məsafəyə fərdi avarçəkmədə C finalında yarışan təmsilçimiz finişə 5-ci çatıb. O, yekunda 17-ci yeri tutub. Diana məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edib.

Bu gün boksçumuz finala vəsiqə qazana bilər. Yarışa 1/8 final mərhələsindən start verən təmsilçimiz Alfonso Dominqes ilk görüşündə ən çətin rəqiblərdən biri, kubalı 2 qat Olimpiya çempionu Xulio Sezar la Krusu məğlub edib. 1/4 final çərçivəsində Aybek Oralbayı (Qazaxıstan) məğlub etməklə yarımfinala yüksələn rinq ustamız, bu nəticə ilə azı bürünc medalı təmin edib. 

A.Dominqes Tokio Olimpiadasında bürünc medal qazanıb. 2021-ci ildə isə Belqradda keçirilən dünya çempionatının qalibi olub. Son dünya çempionatının gümüş mükafatçısıdır. Onun finalda mübarizə aparacağı Enmanuel Reyes Pla (İspaniya) Kuba əsilli boksçudur. Dünya çempionatının bürünc mükafatçısıdır. Ötən il Avropa Oyunlarında da 3-cü yeri tutub. 

Olimpiadalar tarixində qazandığımız 9 medalın 8-i bürünc, yalnız 1-i gümüş medal olub. Gümüş medalı “Rio-2016”da əldə etmişik. Boksçumuzun finala yüksəlməsi üçün böyük şansları var. 

Bu gün həmçinin, atletika üzrə Anna Skidan mübarizəyə qoşulacaq. Azərbaycan təmsilçisi atletika üzrə dünya çempionatında çəkicatma üzrə təsnifat mərhələsində uğurla çıxış etməklə Paris Oyunlarına lisenziya qazanıb.

Onu da qeyd edək ki, bu, Anna Skidanın iştirak etdiyi 3-cü olimpiada olacaq. O, “Rio-2016” və “Tokio-2020”də mübarizə aparıb. 

Xatırladaq ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçularımız Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) böyük uğurla çıxış edərək qızıl medal qazanıblar. 3-cü mükafatı isə Alfonso Dominqes yarımfinala vəsiqə qazanmaqla əldə edib.



İdman