Parisdə Azərbaycana qarşı təxribatla bağlı bəyanat

post-img

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilib ki, iyulun 26-da Fransanın paytaxtı Parisdə ke­çirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nü­mayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb. 

Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin po­zulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şə­kildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kom­mersiya istismarına qarşı çıxmaqdır”. 

Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İd­man Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olim­piya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz mü­nasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasın­da sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstə­rilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpi­ya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.

İdman