“Paris-2024”: Olimpiadada ilk qızıl!

post-img

Azərbaycan milli Olimpiya komandası Paris Yay Olimpiya Oyunlarında böyük qələbə qazanıb. Cüdoçumuz, dünya çempio­nu, Avropa çempionatının 4 qat qalibi cüdoçu Hidayət Heydərov bütün rəqiblərini məğlub edərək Olimpiya çempionu tituluna layiq görülüb. Olimpiya Oyunlarında 8 illik fasilədən sonra ko­mandamız qızıl medala sevinib. Bu, həm də müstəqil Azərbayca­nın olimpiadalar tarixində qazandığı 50-ci – yubiley medalı olub. Komandamız iştirak etdiyi 7 olimpiadada indiyədək 7 qızıl, 14 gümüş və 28 bürünc mükafat olmaqla, ümumilikdə 49 medal qa­zanıb. 

Hidayət Heydərov müsahibələrin­də məhz Olimpiya çempionluğunu hə­dəflədiyini bildirmişdi. Yarışda ancaq qələbəyə köklənən 73 kiloqram çəki dərəcəsində dünya reytinqinin lideri 1/8 finalda Tohar Bitbula (İsrail) ipponla qalib gələrək növbəti raunda vəsiqə qa­zanıb. Dörddəbir finalda Artur Marqeli­don (Kanada) ilə gərgin keçən qarşılaş­mada da həmyerlimiz rəqibini ipponla məğlub edib. Hidayət yarımfinal döyü­şündə Akil Qyakov (Kosovo) üzərində inamla qələbə qazanaraq finala vəsiqə qazanıb. Çempionluq uğrunda yerli idmançı Joan-Benjamin Qaba üzərində parlaq qələbə qazanan idmançımız qızıl medala sahib olub. 

Olimpiya çempionumuz Elnur Məmmədli Avropa Cüdo İttifaqının mətbuat xidmətinə müsahibəsində Azərbaycanda uzun illər cüdoda Olim­piya çempionunun olmadığını, 1992-ci ildə Nazim Hüseynovun titulu qazana­raq ölkəyə ilk “qızıl”ı gətirdiyini deyib. 16 il sonra N.Hüseynovun uğurunu tək­rarladığını bildirən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Pekin Olimpiadasından düz 16 keçdiyini bil­dirmişdi. H.Heydərov ümidləri doğrul­daraq eyni çəki dərəcəsində bu böyük uğuru təkrar etməyə nail oldub. 

Olimpiadalarda cüdoçularımız indiyədək 1-i qızıl, 2-si gümüş, 2-si bürünc mükafat olmaqla 5 medal qazanıblar. Müstəqil Azərbaycanda Olimpiya Oyunlarında ilk qızıl müka­fatı da bu idman növü üzrə qazan­mışıq. Təmsilçimiz Nazim Hüseynov “Barselona-1992”də bütün rəqibləri­ni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Amma onu qeyd edək ki, idmançımız o za­man MDB adından yarışırdı. 

Əvvəlki olimpiadalarda da sta­tistikaya nəzər salsaq, ən erkən Olimpiya mükafatlarına cüdoçuları­mızın sahib olduğunu görərik. “Pe­kin-2008”in açılışdan sonrakı 3-cü günündə Elnur Məmmədli rəqibləri­ni bir-birinin ardınca məğlub edərək çempion olub. “Olimpiada-2016”da isə Rüstəm Orucov komandamıza ilk medalı (gümüş) qazandırıb. Bəs digər olimpiadalarda millimizin ilk medallarını kim qazanıb? Müstəqil­lik tariximizdə Azərbaycan bayrağı altında ilk Olimpiya medalını “Olim­piada-1996”da Namiq Abdullayev əldə edib. Adlı-sanlı pəhləvanımız mükafatı açılış mərasimindən 13 gün sonra əldə edib. Digər olimpia­dalarda ilk yarış həftəsinin sonlarına qədər medalı intizarla gözləmişik. Azərbaycana ilk qızıl medal qa­zandıran Zemfira Meftaxetdinova “Sidney-2000”in açılışının 6-cı gü­nündə qızıl, güllə atıcılığı üzrə İra­də Aşumova “Afina-2004”ün –5-ci günündə bürünc medal qazanıblar. “Tokio-2020”də isə İrina Kindzerska 7-ci yarış günündə komandamızın aktivinə ilk medalı (bürünc) yazdırıb. 

Azərbaycan boks yığmasının üzvü Alfonso Dominqes də Olimpia­daya uğurla start verib. O səkkizdə­bir finalda son 2 olimpiadanın qalibi Xulio Sezar la Krusu məğlub edib. İdmançı mətbuata açıqlamasında kubalı ilə döyüşün çox çətin keçdi­yini bildirib: 

–Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də min­nətdaram. Yaxşı hazırlıq keçmişəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə təşəkkür edirəm. Mənim günüm idi, qələbə qazanmağı bacardım. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. 

Qeyd edək ki, rinq ustasının olimpiadada ilk qələbəsi ad gününə təsadüf edib. Paris-2024 Olimpiya Kəndində alqışlarla qarşılanan id­mançımız, həm də ad gününü qeyd edib. İdmançımız avqustun 1-də dörddəbir finalda qazaxıstanlı Ay­bek Oralbayla üz-üzə gələcək. 

Dünən Azərbaycanın daha 2 boksçusu rinqə çıxıb. Əvvəlcə ölkə­mizin Olimpiya Oyunlarındakı kişi bayraqdarı Məhəmməd Abdullayev (+92 kiloqram) döyüşüb. Təəssüf ki, idmançımız almaniyalı Nelvi Raman Tiafaka məğlub olub. Axşam sean­sında isə Malik Həsənov (63,5 ki­loqram) 1/8 finalda gürcüstanlı Laşa Quruli ilə mübarizə aparıb. 

Dünən mübarizə aparan bad­mintonçumuz Keişa Fatimə Zəhra qadınların fərdi yarışında 2-ci sına­ğında N qrupunda Böyük Britaniya təmsilçisi Kirsti Gilmura uduzub. Zəhra ilk matçında H qrupunda He Bin Çzyaoya (Çin) da məğlub oldu­ğu üçün olimpiadada çıxışını yekun­laşdırıb. Qeyd edək ki, yalnız qrup qalibləri 1/8 finala adlayır. 

Azərbaycan qılıncoynadanı Anna Baştanın da Oyunlarda çıxışı başa çatıb. Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idman­çısı Yanq Henqyu olub. Sablyaçımız 15:9 hesabı ilə qalib gəlib. O, 1/8 finalda Olimpiadaların dördqat mü­kafatçısı Olqa Xarlanla (Ukrayna) bacarmayıb. İdmançımız görüşdə 6:15 hesabı ilə məğlub olaraq, mü­barizəni dayandırıb. 

Bu gün qadınlardan ibarət 3x3 basketbol komandamız meydana çıxır. Azərbaycan millisi İspaniya ilə iyulun 30-u Bakı vaxtı ilə saat 19:00- da qarşılaşacaq. 

Kamandan oxatma növündə isə Yaylagül Ramazanova bu gün 1/32 finalda Quxuan Anla (Çin) qarşıla­şacaq. Qeyd edək ki, bundan əvvəl sıralama turuna 30-cu cütdə başla­yan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal topla­yıb. Onun rəqibi isə sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.





İdman