Məhdud imkanlarla yüksək nəticələr...

post-img

Özlərinə qalib gələrək məhdud sağlamlığı üzərində nəzarətə nail olan insanlar standart yarışların medalçılarından heç də az qürur duymur, az sevinmirlər. Bu uşaqlar haqqında mətbuatda nə qədər çox yazılsa da, televiziyalarda göstərilib, dəstək tədbirləri təşkil olunsa da azdır. Çünki onlar hər sabahı mübarizə aparmaq, qalib olmaq arzusu ilə açırlar. Söhbət əqli imkanları məhdud şəxslərdən gedir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqları xüsusi olimpiyaçılar da adlandırırlar. 

Öz sıralarında xüsusi qayğıya ehtiya­cı olan minlərcə uşağı birləşdirən Azər­baycan Xüsusi Olimpiya Komitəsinin (XOK) ilboyu təşkil etdiyi yarışlarda qalib adı uğrunda yorulmadan mübarizə apa­ran uşaqların əzmkarlığını həyəcansız izləmək mümkün deyil. Onlar bu yarış­lara hazırlaşmaq üçün hər gün ciddi səy göstərirlər. 

XOK-un prezidenti Rövşən Məmmə­dov “XQ”yə açıqlamasında il ərzində 2 mindən çox atletin badminton, basketbol, atletika, cüdo, florbol, futbol, həndbol, poerliftinq, stolüstü tennis, üzgüçülük, voleybol üzrə məşqlərə cəlb olunduğunu, onlardan yarıdan çoxunun yerli yarışlar­da iştirak etdiklərini bildirdi:

–100-ə yaxın atlet isə yığma koman­daların heyətində hazırlıq keçir ki, onların arasından da beynəlxalq yarışlarda mü­barizə aparacaq idmançılar seçilir. Xüsu­si Olimpiya proqramı əqli imkanları məh­dud olan uşaqlara öz atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır. Zəif, orta və yüksək nəti­cə göstərən idmançılar öz hazırlıq səviy­yələrinə uyğun olaraq ayrı-ayrı qruplara bölünür və hər qrupda ayrı-ayrılıqda qızıl, gümüş və bürünc medallar uğrunda mü­barizə aparırlar.

Onu da qeyd edək ki, atletlərin yarış­larda iştirakını təmin etmək üçün Bakı və Abşeron yarımadasından əlavə, 7 regio­nal proqram fəaliyyət göstərir. Turnirlərə, həmçinin xüsusi, yardımçı məktəb və internat, ictimai birliklər, mərkəzlərdən atletlər qatılır. Yerlərdə keçirilən regional yarışlar vasitəsilə yığma komandalar for­malaşdırılır və onların respublika yarışla­rında iştirakı təmin olunur.

Belə uşaqlar ailə proqramı vasitəsilə də Xüsusi Olimpiya hərəkatına cəlb olu­nurlar. Ölkəmizdə indiyədək 440 ailədən uşaqlar idmana cəlb olunublar. Ailə proq­ramının tərkibində 3-7 yaşlı gənc atletlə­rin cəlb olunmasını həyata keçirən layihə xüsusilə vurğulanmalıdır. “Gənc atletlər” adlanan bu layihə məktəbəqədər yaşlı əqli imkanları məhdud olan uşaqlar cəlb edilir. Onlar da xüsusi olimpiyadanın eh­tiyat qüvvələri hesab olunurlar. 

Hazırda qızlardan ibarət yığma Ser­biyada, oğlanların komandası Litvada bu ilin iyununda keçiriləcək Avropa basket­bol turnirlərinə hazırlaşırlar. Ötən həftə hazırlıq çərçivəsində keçirilmiş yarışda qızlar arasında 12 nömrəli xüsusi inter­nat və 193 nömrəli tam orta məktəb ink­lüziv birgə komandası qalib adını qaza­nıb. Oğlanların mübarizəsində isə Xəzər rayonu sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin komandası birinci yeri tutub. 

Gələn ay isə həm qızlar, həm də oğlanlar arasında “UNIFIED Sports” (inklüziv birləşmiş idman komandaları) proqramına uyğun Avropa Futbol Həftəsi keçiriləcək. Həftə çərçivəsində yarışlar Bakıda təşkil edilsə də, region idmançı­larının da iştirakı planlaşdırılır. 

Rövşən Məmmədovun sözlərinə görə, Xüsusi Olimpiya hərəkatında əsas məqsəd məhz böyük idman deyil, uşaqla­rın kütləvi idmanla məşğul olmasını təmin etməkdir. Xüsusi Olimpiya hərəkatının “Mənə imkan verin, mübarizə aparıb qa­lib gəlim. Qalib gələ bilməsəm də hər ya­rışdan sonra cəsarətli olum”, – devizi də məhz bu mərama xidmət edir. O, koman­damızın istər Ümumdünya xüsusi yay, istərsə də qış oyunlarında böyük əzm-karlıq göstərərək yüksək nəticələr əldə etdiyini də dedi. 

Elə ötən il komandamızın Almani­yanın Berlin şəhərində keçirilən Ümum­dünya Xüsusi Yay Olimpiya oyunlarından 6 qızıl, 5 gümüş və 13 bürünc medalla qayıtması bu uğurlara gözəl nümunədir. Azərbaycanın gimnastika tarixində ilk dəfə təmsil olunduğu həmin oyunlarda komandamızın üzvü Mehriban Tağıye­vanın 1 qızıl, 3 bürünc medal qazanması xüsusilə qürurvericidir. 

Xüsusi olimpiyaçıların onların cə­miyyətə inteqrasiyasında mühüm rol oy­nayan idmanla daha yaxından məşğul olmaları üçün yaradılan imkanlar geniş­ləndikcə, qələbə əzmi də artır. Qalib ol­maq üçün göstərilən fədəkarlıq isə əsl qəhrəmanlıq nümunəsidir. 

Leyla QURBANOVA
XQ





İdman