Yeni şəhər stadionu cənab Prezidentimizin Gəncəyə daha bir qayğısının bariz nümunəsidir

post-img

Biz o günü səbirsizliklə gözləyirdik və gün gəldi! Ölkə Prezidenti cənab İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoydu!

Hələ keçən ilin 6 oktyabrında bütün şəhər dövlət başçımızın  Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi ilə bağlı imzaladığı Sərəncamından və  Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat vəsait ayrılmasından danışırdı və bu sevinci hamı bir-biri ilə bölüşürdü. 

İndi budur, stadionun layihələndirmə işləri artıq başa çatdırılıb və cənab Prezidentimiz Gəncəyə gəlib.Aprelin 9-u on minlərlə azarkeşin, idmançıların sonsuz sevincinə səbəb olan tarixi bir gün oldu. Ölkə başçısı stadionun təməlini qoydu! 

Qeyd edək ki, 60-cı illərdə istifadəyə verilən şəhər stadionu yararsız vəziyyətə düşmüşdü. Tamaşaçılar və idmançılar üçün lazımi şərait yox idi. Hətta stadionun bu vəziyyətə düşməsi peşəkar futbol klubu olan “Kəpəz”i, bu idman qurğusu sökülməmişdən də qabaq ev oyunlarını başqa stadionlarda keçirməyə məcbur etmişdi. 

Cənab Prezidentimizə təməlqoyma mərasimində məlumat verildi ki, yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. 

“Kəpəz” azarkeşləri, idmansevərlər, şəhər ictimaiyyəti və PFK İdarə Heyəti üzvləri adından cənab Prezidentimizə hədsiz minnətdarlığımızı bildirir və dövlətimizin başçısını əmin edirik ki, etimadı, diqqət və qayğını əməli işimizlə doğruldacaq və futbolun inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 İlqar Nadiri,

“Kəpəz” PFK İdarə Heyətinin sədri,                                          

Gəncə şəhəri

         



İdman