Alim Qasımov bu çıxışı ilə Ağdam komandasına xeyir-dua vermişdi
Onda Ağdam komandası avrokuboklar meydanına yenicə çıxmışdı, yolun lap başlanğıcında idi. UEFA Kuboklar Kuboku turnirində 1-ci təsnifat mərhələsinin cavab görüşünü keçirmək üçün Finlandiyanın Ancalankoski şəhərində yerli “MyuPa-47” klubunun qonağı idi. 28 il əvvəl, 1996-cı il avqustun 22-də baş tutmuş bu oyunu stadionun tribunalarından izləyən tamaşaçılar arasında Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Alim Qasımov və onun öz musiqiçilər komandası da olmuşdu. Bu barədə bir qədər sonra.
“Qarabağ” Finlandiyaya səfərdən 2 həftə əvvəl, avqustun 8-də isə rəqibini Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmiş, bununla da avrokuboklar yolunda ilk addımını atmışdı.
Mərhum həmkarım Abas Əzimovun “Futbolumuz müstəqillik dövründə. 1992–2012” kitabında bu oyunun statistikasından məlum olur ki, Azərbaycan klubu avrokubok yarışlarında ilk sınaqda Cəmaləddin Əliyev, Mais Əzimov (Elmir Xankişiyev, 65), Elşad Əhmədov, Aslan Kərimov (Yaşar Hüseynov, 84), Təbriz Həsənov, Bəxtiyar Musayev (Emin Salmanov,84), Səttar Əliyev, Mirbağır İsayev, Tərlan Əhmədov, Müşviq Hüseynov və Nazim Əliyevdən ibarət heyətlə mübarizə aparmış, komandanın baş məşqçisi rəhmətlik Elbrus Abbasov olmuşdur. Yunanıstanlı hakim Fasolis Georgiusun idarə etdiyi və finlərin 1:0 hesabı ilə qalib gəldikləri görüşün taleyini 84-cü dəqiqədə penalti ilə vurulan qol həll etmişdir.
İndi isə cavab matçının statistikasına diqqət yetirək. Ədaləti Norveç Futbol Federasiyasının nümayəndəsi T. Heyqin qoruduğu bu görüşdə hesabı 27-ci dəqiqədə bizimkilər açmış (B.Musayev), oyunun əsas vaxtı 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatmışdır. Bundan sonra iki qarşılaşmanın ümumi hesabı 1:1 olduğundan hakim əlavə 30 dəqiqə vaxt təyin etmişdir. Hər şey sonuncu, 120-ci dəqiqədə həll olunmuşdur. Hakimin final işarəsinə saniyələr qalmış meydan sahibləri M. Keskitalonun yaxın məsafədən dəqiq zərbəsi ilə cavab topu vurmuşlar. Nəticədə, növbəti mərhələyə iki oyunun yekununa görə 2:1 hesabı ilə qalib gələn Finlandiya klubu çıxmışdır.
Mən bu yazını çapa hazırlayarkən internetdə cavab görüşündən epizodları izlədim və “Qarabağ”ın meydanda əzmkar mübarizə apardığını, bir neçə dəfə qapıya doğru yaxşı zərbələrlə rəqibi həyəcanlandırdığını gördüm. Baş məşqçi E.Abbasovun məşhur şərhçi Elnur Əşrəfoğluna (Allah rəhmət eləsin) müsahibəsindən də aydın oldu ki, həmin avqust axşamında məğlubiyyətə baxmayaraq, komandamız inamlı təsir bağışlamışdır.
E.Abbasovun dediklərindən: – Uşaqlar çox yaxşı oynadılar, qalib gəlmək üçün əllərindən gələni etdilər. Qol vurmaq imkanımız çox oldu. Müşviq, Tərlan, Mirbağır, Təbriz fərqlənə bilərdilər. Onların zərbələrindən sonra ya qapıçı komandasını xilas etdi, ya da top qapı dirəyinin bir neçə santimetrliyindən keçdi. Oyunun lap sonunda, 120-ci dəqiqədə rəqib cərimə zərbəsini yerinə yetirərkən futbolçularımız oyundankənar vəziyyət yaratmaq istədilər, ancaq alınmadı. Top qapımızın lap yaxınlığında finlandiyalı hücumçunun ayağına düşdü, o da imkanı itirmədi.
Bu görüşün fasiləsindən sonra biz meydana qayıtdıqda Alim Qasımovun tribunada “Qarabağ şikəstəsi” oxuduğunu gördük. Tamaşaçılar onu çox maraqla dinləyir, alqışlayırdılar. Oyundan bir gün əvvəl isə axşam Alim Qasımov öz dəstəsi ilə otelə gəlib, komandamız üçün 2 saata qədər davam edən konsert proqramı ilə çıxış etmiş və bu, uşaqlara böyük ruh yüksəkliyi vermişdi. Məğlubiyyətə baxmayaraq, komanda yaxşı oynadı, hətta, yerli azarkeşlərin alqışlarını qazandı. İnanıram ki, “Qarabağ” növbəti avrokubok yarışlarında yüksək səviyyədə çıxış edəcək…
Həqiqətən də, bugünkü zəfərlərinin təməli hələ 1996-cı ilin isti avqust günlərində görkəmli xanəndə Alim Qasımovun və onun musiqiçi dostlarının xeyir-duası ilə uzaq Finlandiyada qoyulmuş, indi isə təkcə Azərbaycanın dəyişməz çempionu deyil, həm də Avropanın sayılıb-seçilən klublarından biri kimi tanınan “Qarabağ” komandası yüksək səviyyədə çıxış edərək, ümidləri tam doğruldur.
Elə bu baharda keçirdiyimiz xoş həyəcan, sevinc hissləri nəyə desən dəyər. Avroliqanın qrup mərhələsində hazırda tarixinin fantastik dövrünü yaşayan “Bayer”dən (Leverkuzen, Almaniya) sonra Skandinaviyanın “Molde” (Norveç) və “Hekken” (İsveç) tandemini qabaqlamaq, pley-off mərhələsində iki oyunun yekununda Portuqaliya təmsilçisi “Braqa”nı mübarizədən kənarlaşdırmaq az iş deyildi. Səkkizdəbir finalda isə hər iki görüşdə “Bayer” ilə çox gərgin və bərabər səviyyəli mübarizənin şahidi olduq.
Tezliklə yenə bütün Azərbaycan avrokubok həyəcanları ilə yaşayacaq. Artıq növbəti dəfə ölkə çempionluğunu bayram etməyə hazırlaşan “Qarabağ” Avropanın 1 nömrəli klub turniri Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmağa, sonra isə daha uzağa getməyə çalışacaq. Azərbaycanın futbol ictimaiyyəti, bütün xalqımız əmindir ki, çox istedadlı məşqçi, başlıcası isə, böyük insan kimi ölkənin sevimlisinə çevrilmiş Qurban Qurbanovun komandası bunu da bacaracaq!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist
Redaksiyadan: “Xalq qəzeti”nin veteranı, Əməkdar jurnalist Oqtay Bayramov təqaüdə çıxandan sonra da doğma kollektivlə əməkdaşlığı davam etdirir. Xatırladırıq ki, bu xatirə qocaman jurnalistin son 2 ildə qəzetimizdə dərc edilən 100-cü yazısıdır. Əziz dostumuza və həmkarımıza möhkəm cansağlığı, yazıb-yaratmaq həvəsi arzulayırıq.