Avropa çempionatı: Komandamız daha 2 qızıl medal qazana bilər

post-img

Azərbaycanın üç qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

“XQ” xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram) və Elis Manolova (65 kiloqram) təsnifat mərhələsində müvafiq olaraq, macarıstanlı Erika Boqnar və yunanıstanlı Nikoleta Barmpa ilə güclərini sınayacaqlar. Komandamızın daha bir üzvü, Birgül Soltanova (62 kq) isə 1/8 finalda norveçli Qreys Bulleni sınağa çəkəcək.

Bu gün, eyni zamanda Azərbaycan yığmasının iki üzvü qızıl medal görüşünə çıxacaq. Mariya Stadnik (50 kq) türkiyəli Evin Demirhanla, Alyona Kolesnik (59 kq) isə ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar. Nihad Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) çempion olublar. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) 2-ci, Beka Kandelaki (130 kq) isə 3-cü yerləri tutublar. Millimiz bu nəticə ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

Yarış fevralın 18-dək davam edəcək.

 

İdman