Azərbaycan güləşi rekordlar orbitində

post-img

Yay Olimpiya Oyunları yeni uğurlar vəd edir

Ötən il Azərbaycan güləşi üçün çoxsaylı rekordlarla əlamətdar olub. Pəhləvanlarımız beynəlxalq arenalarda keçirilən ən nüfuzlu yarışlarda böyük uğurları ilə bizi sevindiriblər. 

Olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Ko­mitəsinin üzvü Fərid Mansurovla gö­rüşüb, 2023-cü ildə pəhləvanlarımızın qazandıqları nailiyyətlər barədə danış­dıq. Ölkəmizdə qədim ənənələri olan güləşin bugünkü inkişafı, beynəlxalq arenalarda pəhləvanlarımızın əldə etdikləri qələbələrdən söhbət açan F.Mansurov, bu uğurların gələcək in­kişafımız üçün daha möhkəm təməl yaratdığını bildirdi:

– Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı, ayrı-ayrı id­man növləri üzrə nail olduğumuz böyük uğurlar Azərbaycanın nüfuzlu idman ölkəsi kimi şöhrətini yüksəldir. Ənənəvi idman növlərindən olan güləşdə qazan­dığımız nailiyyətlər, həm də “güləş ölkəsi” olduğumuzu bir daha sübut edir. 

Yola saldığımız ildə yunan-Roma güləşi üzrə millimiz (kişilər) komandalar arasında ilk dəfə dünya çempionu oldu. Yığmamızın xallara (120) və medalların əyarına (2 qızıl, 3 gümüş) görə də öz re­kordunu yeniləməsi mühüm nailiyyətdir. 

Digər rekordu kişilərdən ibarət ko­mandamız Avropa çempionatında qa­zandı. Belə ki, yığmamız qitə yarışında medalların əyarına görə (2 qızıl, 3 gü­müş, 1 bürünc) öz rekordunu yenilədi. Komandamızın U-23 Avropa çempiona­tında toplanan xallara (123) və medalla­rın əyarına görə (3 qızıl, 1 gümüş) yük­sək nəticə qazandı. 

İkiqat dünya çempionu sərbəst güləş­çilərimizin nailiyyətlərini də vurğuladı. Qeyd edildi ki, millimiz dünya çempiona­tında tarixinin ən yüksək xalını (66) top­layıb. 20 yaşadək sərbəst güləşçilərimiz Avropa çempionatında ilk dəfə ən yüksək xala (143) sahib olublar. Eyni uğuru qitə çempionatında tarixinin ən yüksək xalını (145) yığan U-15 millimiz də qazanıb. Sərbəst güləşçilərlə yanaşı, qadın güləşi üzrə də bir sıra rekordlar qeydə alınıb. 

Ümumilikdə, güləşçilərimiz 2023-cü ildə Avropa çempionatlarında 22-si qızıl, 20-si gümüş, 30-u bürünc olmaqla 72 medal, dünya çempionatlarında isə 5-i qızıl, 11-i gümüş və 13-ü bürünc olmaq­la 29 medal qazanıblar. Şübhəsiz, biz bu nailiyyətlərlə kifayətlənə bilmərik. Qarşı­dan dördilliyin ən nüfuzlu yarışı olan Pa­ris Yay Olimpiya Oyunları gəlir. 2024-cü il bu baxımdan dünya idman ictimaiyyəti, həmçinin bizim üçün çox önəmlidir. 

Olimpiya çempionu sonda güləş­çilərimizin güclü potensialına gü­vənərək onlardan yeni uğurlar gözlə­diklərini bildirdi: 

– Azərbaycan Güləş Federasiyası bu istiqamətdə ciddi səylər göstərir. Olimpi­ya Oyunlarına bugünədək yunan-Roma güləşində 2, sərbəst güləş üzrə 1 lisenzi­ya qazanılıb. Əminik ki, pəhləvanlarımız Paris Olimpiadasına maksimum sayda lisenziya əldə edib, bu nüfuzlu yarışda öz sözlərini deyəcəklər. Güləşçilərimizdən Olimpiadada uğurlar gözləyirik.

Leyla QURBANOVA
XQ



İdman