Qadın güləşçilərimiz güclərini artırırlar

post-img

Başa çatmaqda olan 2023-cü ildə görülən işlər müzakirə edilir, yeni hədəflər müəyyənləşdirilir. Təbii ki, Olimpiya idman növləri üzrə koman­dalarımız dördilliyin ən mühüm yarışı olan Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq və bu nüfuzlu yarışda ölkəmizi layiqincə təmsil etməyi qarşıya əsas hədəflərdən biri kimi qoyublar. 

Bu yazıda qadın güləşi üzrə ko­mandamızın builki nəticələri, Olimpiya şanslarından söhbət açacağıq. Bəri başdan onu deyək ki, qadın pəhlə­vanlarımız Paris Olimpiadasına lisen­ziya yarışlarında güclərini sınasalar da, hələlik vəsiqə qazana bilməyiblər. Qadınlardan ibarət yığmamızın baş məşqçisi Semyon Çterev “XQ”yə mü­sahibəsində güləşçilərimizin Olimpiya şanslarından danışdı:

– Şanslar var və ondan düzgün istifa­də etmək lazımdır. Əsas hədəf şübhəsiz, Olimpiya Oyunlarıdır. Yığmamızın lideri Mariya Stadnikin (52 kq) lisenziya qaza­nacağına əminəm. Komandamızın digər üzvlərindən 57 kiloqram çəkidə Jalə Əli­yeva, Alyona Kolesnikin potensialını da xüsusi vurğulamaq istəyirəm. 68 kioqram çəkidə Elis Monolovanın da imkanları geniş idi. Onu da deyim ki, o, ötən olim­piadaya lisenziya götürmüşdü. Avropa çempionatının qalibi və dünya çempio­natının mükafatçısıdır. Elis bir il bundan əvvəl zədəli idi. Almaniyalı həkim onun müalicəsi ilə məşğul olurdu. İndi tam for­madadır. Ümid edirəm ki, gələcəkdə nəti­cələri yaxşı olacaq. Gültəkin Şirinova, İlo­na Dudyak Semkivə (53 kq) də inanırıq. Şübhəsiz, burada püşkatmanın nəticələri də rol oynayır. 

Baş məşqçi bu il Avropa və dünya çempionatlarında qadın yığmamızın nəticələri ilə bağlı danışdı. Bildirdi ki, bu il yığmamız Avropa çempionatında yaxşı çıxış etdi. Mariya Stadnik qalib oldu, Jalə Əliyeva isə gümüş medal qazandı. Komandamızın digər 2 üzvü də mükafatçılar sırasına düşə bilər­di. Ümumi nəticəyə görə 6-cı olduq. Amma dünya çempionatındakı nəti­cələri qənaətbəxş hesab edə bilmərik:

– Dünya çempionatında Mariya me­dal və Olimpiadaya lisenziya qazana bilərdi. M.Stadnikin hazırlığı yüksək sə­viyyədə idi. O, 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzduğu görüş­dən əvvəlki iki qarşılaşmada çətinlik çək­mədən (10:0) qalib gəlmişdi. Jalə Əliye­vanın da medal şansları böyük idi. Hər iki güləşçimizin rəqibləri növbəti mərhələdə uduzduqları üçün medal uğrunda müba­rizə aparmaq şanslarını itirdilər. 

Baş məşqçinin sözlərinə onu da əlavə edək ki, gənc güləşçimiz Jalə Əliyeva son 2 ildə sabit nəticələr qazanıb. Belə ki, ötən il U-20 Avropa çempionatının qalibi olub, 23 yaşadək gənclərin qitə çempionatında gümüş, İslam Həmrəyliyi Oyunlarında bü­rünc medallar qazanıb. Bu il isə böyüklər arasında Avropa çempionatında II yeri tut­maqla yanaşı, 23 yaşadək qızlar arasında Avropa çempionatında (bürünc) və dünya çempionatlarında (gümüş) mükafatçılar sırasına düşməyi bacarıb. Daha bir iste­dadlı güləşçi – Gültəkin Şirinova bu il 20 yaşadək qızların dünya birinciliyində bü­rünc, həmin yaş qrupunda Avropa birincili­yində gümüş medala sahib olub. Ümumiy­yətlə, qızlar arasında müxtəlif yaş qrupları üzrə dünya, Avropa birinciliklərində qızla­rımız parlaq nailiyyətlər qazanıblar ki, bu da gələcəkdə Olimpiya ehtiyatları üçün əsaslı zəmin yaradır. 

Semyon Çterev güləşçilərin növ­bəti lisenziya turnirlərinə hazırlığın­dan da danışdı:

– Gələn ilin fevralında Buxarestdə Avropa çempionatı keçiriləcək. Koman­damızın maksimum nəticə göstərməsinə çalışacağıq. Olimpiadaya lisenziya xa­rakteri daşıyan Avropa təsnifat turniri ap­rel ayında Bakıda olacaq. Bir aydan son­ra isə Türkiyədə dünya təsnifat yarışında iştirak edəcəyik. Bu yarışların hər biri mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, güləşçilərimiz ən azı 1, maksimum 3-4 lisenziya qazana biləcəklər. Bunun üçün var gücümüzlə hazırlığımızı davam et­diririk. Çalışacağıq ki, qarşıya qoyduğu­muz hədəfə nail olaq. 

Leyla QURBANOVA
XQ



İdman