Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi təşkil edilib

post-img

Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun açılış mərasimi təşkil edilib. 

Tədbirdə əvvəlcə iştirakçı komandaların paradı, daha sonra konsert proqramı təşkil olunub.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov çövkənin milli idman növü olduğunu söyləyib. Qeyd edilib ki, ARAF həm yerli, həm də beynəlxalq yarışlar keçirib. Bu ilin idmanımız üçün uğurlu olduğunu bildirən nazir çaparlarımızın da müxtəlif yarışlarda medallar qazandığını deyib. 

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

ARAF-ın İdarə Heyətinin üzvü Cavid Abdullayev Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə çövkən üzrə yarışların tez-tez təşkil olunduğunu vurğulayıb. O, Prezident Kubokunun keçirilməsində əsas məqsədin Azərbaycanda atçılığın inkişafına təkan yaratmaq və gənclər arasında bu idman növünü təbliğ etmək olduğunu qeyd edib.

Sonra A qrupunda yer alan “Sərhədçi-Qarabağ” və “Polad” komandalarının oyunu start götürüb. Turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakıdan 6 komanda iştirak edir.

Qeyd edək ki, Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.

 

İdman