Azərbaycan idmançıları Avropa arenasında daha bir uğurlu çıxışla yadda qalıblar. Monteneqronun Budva şəhərində 22 yaşadək (U-22) boksçular arasında keçirilən qitə çempionatında millimiz 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata sahib olub.
Yığmamıza qızıl medalı qazandıran Nicat Hüseynov (51 kq) öz çəki dərəcəsində ən perspektivli dəri əlcək ustalarındandır. İdmançımız ötən il Xorvatiyada keçirilən analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdı.
İdmançı Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında ikinci dəfə Avropa çempionu adını qazandığı və titulunu qoruduğu üçün məmnun olduğunu bildirib. Çempionata yollanarkən əsas hədəfinin qızıl medal olduğunu söyləyən 19 yaşlı boksçu ən çətin döyüşün yarımfinalda olduğunu deyib. Bütün görüşlərini hakimlərin yekdil qərarı ilə – 5:0 hesablı qələbə ilə başa vuran rinq ustası bildirib ki, türkiyəli Semih Gümüşlə qarşılaşmada bir anlıq həyəcan keçirsə də, bu, ona yekunda inamlı qələbə qazanmağa mane olmayıb.
Avropa çempionu finalda ermənistanlı Rudolf Qarboyanla görüşündən də danışıb:
– Döyüşə rahat çıxdım. Püşkdən sonra yarımqruplara baxdıqda finalda erməni ilə qarşılaşacağımı bildim. Onu da qeyd edim ki, rəqibim zəif yarımqrupda yer almışdı. İlk görüşlərdən özümü finalda gördüyümdən və buna qəti inandığım üçün həmin qarşılaşmaya psixoloji cəhətdən də tam hazır idim. Rinqə yalnız qələbə üçün çıxmışdım və onu qazandım. Belə bir nüfuzlu yarışda Azərbaycan himnini səsləndirdiyim üçün çox sevinirəm.
Kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev “XQ”yə müsahibəsində qeyd etdi ki, 22 yaşadək gənclərdən ibarət yığmanın Avropa çempionatında əldə etdiyi nailiyyət təqdiredicidir:
– Gənc boksçularımızın qitə yarışında yaxşı çıxışı gələcək uğurlar üçün əsaslı zəmin yaradır. Yığmada yer alan Nicat Hüseynov ikinci dəfə Avropa çempionluğunu qazanıb. O, bütün görüşlərində inamla çıxış etdi, rəqibi üçün heç bir şans saxlamadı.
Yalnız finalda məğlub olan yığma üzvü Əzrək Bəbirov (57 kq) da yaxşı çıxış etdi. İndiyədək bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısı olan boksçu bu yarışda uğurla çıxış edərək gümüş medal qazanıb. Murad Allahverdiyev (80 kq) yığmamızın birinci nömrəsidir, respublika çempionudur. Keçən il U-22-də parlaq çıxış etsə də, hakim ədalətsizliyi səbəbindən medal qazana bilmədi. İdmançılarımızın mükafatçılar sırasına düşməsi onun potensialını göstərir. Respublika çempionu Tural Sarıyev (48 kq) Budvada bürünc medal qazanmaqla yığmada yerini daha da möhkəmlətdi. O, ötənilki Avropa çempionatında yer tuta bilməmişdi. Budəfəki nəticəsi bir daha göstərir ki, öz üzərində çalışır və inkişaf var. Düşünürük ki, o da yığma komandada Olimpiya lisenziyası qazana bilər.
Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Yadigar Məmmədov gənclər arasında Marjona Savriyevanın (50 kq) fərqlənməsinin sevindirici hal olduğunu bildirdi:
– Sevindirici haldır ki, Azərbaycan boksunun inkişafına qızlarımız da öz töhfələrini verirlər. Yarışda qızlar arasında 3 boksçumuz mübarizə aparırdı. Onlardan Marjona Savriyeva bürünc medal qazandı. Birinci döyüşdə Belarus idmançısına qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Arina Vostrikova ilə bərabər döyüş nümayiş etdirsə də, sonda xal hesabı ilə məğlub oldu. M.Savriyeva U-22-də yığmanın bir nömrəsidir. Qadınlar arasında isə Avropa çempionatının bürünc mükafatçısı Anaxanım İsmayılova bir nömrə hesab olunur. Bu yaxında keçiriləcək yarışda ölkə yığmasının 1-2-3-cü dərəcəli idmançıları bəlli olacaq.
Leyla QURBANOVA
XQ