Rusiya ilə Ukrayna hərbçiləri arasında ağır döyüşlər davam edir. Ötən həftə üç ərazidə – Luqansk və Donetsk vilayətlərində, eləcə də Xerson bölgəsində, Dnepr çayının şərq sahilində şiddətli quru döyüşləri gedib. Məlumatı UNİAN agentliyi yayıb.
Rusiya Silahlı Qüvvələri Luqansk vilayətindəki Avdeyevka qəsəbəsi ətrafında ağır itkilər versə də, ərazidə ciddi irəliləyişə nail ola bilməyib. Ekspertlər hesab edirlər ki, qarşıdan qış ayları gəldiyi üçün, böyük ehtimalla cəbhənin təmas xəttində əhəmiyyətli dəyişikliklər olmayacaq.
Bununla bərabər, son bir neçə gün ərzində Ukrayna ordusunun Xerson şəhəri yaxınlığında Dnepr çayının şərq sahilində öz mövqeyini xeyli möhkəmləndirdiyi məlum olub. Rusiya Ukrayna qüvvələrinin qarşı sahildəki bəzi əraziləri geri aldığını etiraf edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cümə günü yaydığı hesabatda bildirib ki, Ukrayna qoşunları Rusiya qüvvələrini Dneprdən uzaqlaşdırmağa çalışır. Lakin Rusiya hərbçiləri ciddi müqavimət göstərirlər.
Son günlər döyüşlər təkcə quruda deyil, Qara dənizdə də qızışıb. Ukrayna rəsmiləri bildiriblər ki, 2022-ci ilin fevralında hərbi müdaxilə başlayandan bəri onlar Rusiya donanmasının 15 hərbi gəmisini məhv ediblər, daha 12 gəmiyə ziyan vurulub. Qarşı tərəf bu rəqəmi nə təkzib, nə də təsdiq edib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk televiziya ilə yayımlanan şərhlərində bildirib ki, Ukrayna donanması Rusiyanı özünün dəniz qüvvələrini silahlarının Kiyevə çatmasını çətinləşdirən başqa mövqelərə köçürməyə məcbur edib.
D.Pletençuk həmçinin deyib ki, rəqibin hərbi dəniz donanması hazırda logistika problemlərindən əziyyət çəkir, çünki gəmilərini Novorossiyskə, vaxtaşırı isə Tuapseyə köçürməyə məcbur olur ki, hər iki liman Krımın cənub-şərqində, Qara dənizin şərq cinahında və Ukrayna sahillərindən daha uzaqda yerləşir.
Bəzi ekspertlər Rusiya-Ukrayna müharibəsini “dronların savaşı” adlandırırlar. Bu sahədə Rusiyanın fəallığı daha yüksəkdir. Əvvəlki həftələr ərzində olduğu kimi, son iki gündə Rusiya aviasiyası yenidən Ukrayna ərazisinə ağır dron zərbələri endirib.
Ən son xəbərlərə görə, Rusiyanın sonuncu güclü dron hücumu Ukraynanın infrastruktur obyektlərini vuraraq, ölkə boyu 400-dən çox kənd və şəhərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Ölən və yaralananlar da var. Lakin onların sayı barədə məlumat verilmir.
Yeri gəlmişkən, hazırda Ukraynanın müdafiə qüvvələri ölkənin hava məkanını qorumaq üçün əllərindən gələni edirlər. Belə ki, son sutka ərzində İran istehsalı olan 38 “Şahed” dronundan 29-u vurulub. Bununla bərabər, bütün dronları vurmaq mümkün olmur.
Ukraynanın sosial şəbəkələrində yazılanlara inansaq, Rusiya aviasiyası noyabr ayında artıq ikinci dəfədir ki, Kiyevi hədəfə alıb. Lakin ukraynalı hərbçilərin sözlərinə görə, paytaxt istiqamətində hərəkət edən bütün dronlar havada zərəsizləşdirilib.
Dünən Prezident Volodimir Zelenski “Fox Corporation” şirkətinin baş direktoru Laklan Merdok və “Fox News”un jurnalistləri ilə görüşdə bəyan edib ki, Ukraynada müharibə heç də istənilən kimi tez bitməyəcək.
“İnsanlar nədənsə müharibəyə kino kimi yanaşırlar və gözləyirlər ki, hadisələrdə uzun fasilələr olmayacaq, göz qarşısındakı mənzərə daim dəyişəcək, hər gün hansısa sürprizlər olacaq”, - deyə Zelenski vurğulayıb. Bir sözlə, müharibənin öz qanunları var.
Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Ukrayna paytaxtına gəldiyi barədə xəbərlər yayılıb. Onu Kiyevdə ABŞ-ın bu ölkədəki səfiri Bricet Brink qarşılayıb. Nazir jurnalistlərə deyib ki, onun ölkəsi sonadək Ukraynanın yanında olacaq.
Bu arada Ukrayna ordusunun qərargah rəisi, general Valeri Zalujnı deyib ki, onun ölkəsinin Rusiya ordusu ilə müharibə aparmaq üçün daha təkmil texnoloji silahlara ehtiyacı var. Qərb isə Kiyevin arzu etdiyi həmin silahları Ukrayna ordusuna verməyə tələsmir.
Rusiya-Ukrayna müharibəsində heç bir tərəf ciddi üstünlüyə nail ola bilmir. Səbəb budur ki, hər iki ölkə öz qüvvələrini həlledici döyüşlərə hazırlayaraq, riskə getmək istəmir. Təəssüf ki, üfüqdə nəinki sülh, onun heç işartıları da görünmür.
Məsaim ABDULLAYEV
XQ