Yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar

post-img

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatında 1 gümüş, 3 bürünc medal qazanıb. 93 xal toplayan yığmamız komanda hesabında dünya 2-cisi olub. 

Bu barədə XQ-yə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib. Məlumata görə, artıq yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb. Yığmanı Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Dünya çempionatında ikinci yeri tutan millinin üzvü Xasay Həsənli mətbuata açıqlamasında deyib: 

“Yarış mənim üçün uğurlu keçdi. Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım. Finalda da özümü yaxşı hiss edirdim. U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım. Revanş almaq istəyirdim. Bu dəfə Moldova idmançısıyla daha yaxşı güləşdim. Belə deyim, rəqibə qələbəni hədiyyə etdim. Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir. İnşallah, bu çatışmazlığı aradan qaldırıb daha böyük arenalarda daha böyük qələbələr qazanmağa çalışacağam. Üzərimdə əziyyəti olan həm şəxsi məşqçimə, həm də bütün yığma məşqçilərinə təşəkkürümü bildirirəm. Medalımı qardaşıma həsr edirəm”.

Dünya çempionatında bürünc medal qazanan Ruslan Nurullayev mediaya müsahibəsində deyib:

“Bu il mənim üçün uğurlu keçdi. Zədələrə görə tam istədiyimi göstərə bilmədim. Ancaq ümumi götürəndə yaxşı nəticələr qazandım. İlk dəfə qatıldığım U-23 dünya çempionatında bürünc medal qazandım. İnşallah, zədələri aradan qaldırıb və səhvlərim üzərində işləyib, daha yüksək uğurlar qazanacağam. 1/4 finalda məğlubiyyətin bir neçə səbəbi var. Həm zədəyə görə tam gücümü ortaya qoya bilmədim, həm təcrübəsizlik sözünü dedi, həm də bir qədər arxayınlıq oldu. Çünki İrfan Mirzoyevə gənclərin Avropa çempionatında qalib gəlmişdim. Bu məğlubiyyətdən dərs çıxardım. Gələn il də 72 kq-da güləşməyi planlaşdırıram. Çəkim artsa, gələcəkdə 77 kq-a keçməyi düşünürəm. Bu uğurumu bu səviyyəyə gəlib çatmağımda əsas pay sahibi olan atamın ruhuna həsr edirəm”.

Yeri gəkmişkən, Türkiyə (121 xal) birinci, Gürcüstan (78 xal) isə üçüncü yeri tutub.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilmiş mundialda Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.

Elçin ABBASOV

XQ



İdman