Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edildi. Bakı İdman Sarayında keçirilən imtahanda 7 yaşdan yuxarı uşaqlar iştirak edirdilər. Uşaqların cüdo texnikasına yiyələnməsi, eləcə də fiziki hazırlıq səviyyəsini müəyyən edən imtahan, həm də onların motivasiyasında mühüm rol oynayır.
ACF-in idman direktoru Kamran Talıbov bildirdi ki, Azərbaycan cüdo tarixində ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi. İmtahanlar 6 kəmər dərəcəsi üzrə keçirilir. Ümumilikdə ilk imtahanda 140 idmançı 5 kəmər dərəcəsi üzrə biliklərini nümayiş etdirdi:
– Qiymətləndirmələr təcrübəli münsiflər heyəti tərəfindən aparıldı. İmtahanın şəffaf şəkildə keçirilməsi üçün ciddi səy göstərildi. İmtahandan uğurla keçən cüdoçular federasiyanın məlumat bazasında qeydə alınır. Gələcək yarışlarda bu məlumatlardan istifadə ediləcək. 7 yaşdan yuxarı hər bir kəs kəmər imtahanında iştirak edə bilər. Müvafiq kəmər dərəcələri üçün imtahanda uyğun yaş qrupundan olan idmançılar iştirak edə bilərlər. Yaşı 15-dən yuxarı olan hər bir kəs isə bütün kəmər dərəcələri üçün müraciət edə bilər. Hazırda kəmər imtahanlarının iki mərhələsini tətbiq edirik. Bu, özümüz üçün də bir test mərhələsidir. Qeyd edim ki, 2025-ci ildən etibarən yalnız kəmər dərəcələri olan idmançılar rəsmi daxili yarışlarda iştirak etmək hüququ qazanacaqlar.
Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru və Avropa Cüdo Birliyinin kata komissiyasının üzvü Mehmet Yılmaz qeyd etdi ki, imtahan yüksək səviyyədə təşkil edilib. Türkiyəli mütəxəssis Beynəlxalq Cüdo Federasiyasında və Avropa Cüdo Birliyində “kata” imtahanları və kəmər imtahanlarının bu formada keçirildiyini dedi. O, cüdoya yeni başlayan idmançıların gələcəkdə təhsil sahəsində inkişafı üçün Avropa Cüdo Birliyinin ən son tətbiq etdiyi qaydalara uyğun imtahan verməsinin çox önəmli olduğunu vurğuladı:
–Gələcəkdə Azərbaycan cüdosunda təhsil sahəsində və “kata”da çox mühüm inkişaf olacağına, “kata” sahəsində də Avropa və dünya çempionatlarında idmançılarınızın yaxşı nəticələr qazanacaqlarına inanıram.
Cüdo mütəxəssisi Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil alan məşqçilərin praktiki imtahana hazırlıq məqsədi ilə Bakıda keçirdiyi “kata” təlimindən də danışdı. Bildirdi ki, məşğələlərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 75 məşqçi iştirak edib.
Qeyd edək ki, kəmər imtahanlarının ölkənin müxtəlif regionlarında təşkil edilməsi planlaşdırılır. İmtahanların keçirməsində əsas məqsəd bu idman növünün ölkəmizdə əsaslı və keyfiyyətli inkişafını təmin edərək beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
L.QURBANOVA
XQ


