Azərbaycan Mətbuat Şurasında İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyi rəhbərliyinin görüşündə milli jurnalistikamızın inkişaf tələbindən yaranan məsələlər sırasında bölgə mətbuatının çətin durumu diqqət mərkəzində oldu.
Müzakirəni giriş sözü ilə açan AMŞ-nin sədri Rəşad Məcid iki qurum arasında davamlı təmasların media məkanındakı önəmli proseslərlə bağlı ortaq mövqenin, həllini gözləyən məsələlərə çevik münasibətin formalaşmasında önəmini vurğuladı.
Görüşdə ölkənin region mediasının köməksiz vəziyyəti və çıxış yolları ətraflı müzakirə olundu. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirdi ki, rəhbərlik etdiyi qurum Quba və Lənkəranda bölgə mətbuatının nümayəndələri ilə görüşlər keçirib. Məqsəd şəhər və rayonlardakı media mühitinin diaqnostik qiymətləndirməsini aparmaq, mövcud problemin həllinə yardımçı olmaqdır.
Sonra AMŞ İdarə Heyətinin üzvlərinin təklifləri dinlənildi və suallar cavablandırıldı.
Qeyd edildi ki, 1 il əvvəl iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumunun şərtlərinə uyğun olaraq müzakirə edilən məsələ ilə bağlı səmərəli addımlar atılması üçün davamlı birgə səylər göstəriləcək.
T.RÜSTƏMLİ
XQ

