Azərbaycan ağırlıqqaldırma tarixinə ötən illərin ən böyük uğurunu yazan Dadaş Dadaşbəyli...Hələ yeniyetməlik yaşlarından güclü potensialı ilə fərqlənən, qazandığı qələbələrlə diqqəti özünə cəlb edən bu idmançı karyerasının parladığı bir vaxtda – 18 yaşdan ştanqadan uzun müddət kənar qalmağa məhkum edildi. Uzun illər ancaq xəyallarında güc meydanında mübarizə apardı, ruhən bağlandığı idman növü onu bir dəqiqə olsun belə tərk etmədi. İnad və əzmkarlığı sayəsində uzun fasilədən sonra dünya çempionatında Azərbaycana medal qazandırdı. Legionerlərimiz – 2011-ci ildə Valentin Xristov, 2015-ci ildə Boyanka Kostova, azərbaycanlı olaraq isə sonuncu dəfə 18 il bundan əvvəl – 2005-ci ildə Nizami Paşayev dünya çempionatının mükafatına sahib olmuşdu.
Dadaş Dadaşbəyli ilə müsahibəm elə ağırlıqqaldırma idman növünə olan sevgisindən başladı:
– Birinci sinfə gedirdim. Sinif yoldaşlarım və məhəllə dostlarımla birgə futbol oyunundan sonra qərara aldıq ki, idmanla məşğul olaq. O zaman Qobustanda təkcə ağırlıqqaldırma idman növü üzrə zal var idi. Zala girdik. Sonradan şəxsi məşqçim olan Şəmsi Səfərli mənə yaxınlaşaraq qolumu, ayaqlarımı elə diqqətlə nəzərdən keçirdi ki... O anlar uşaqlıq yaddaşıma həmişəlik həkk olundu. O zamandan zaldan ayrıla bilmədim.
– Adətən, uşaqlar döyüş növlərinə meyil edirlər...
– Bəli. Mənimlə zalda məşğul olanlar artıq peşiman olmuşdular. Ağırlıqqaldırmanın maraqsız olduğunu deyirdilər. İnad edirdilər ki, onlarla başqa idman növü tapıb məşğul olaq. Mən isə təəccüb edirdim ki, onlar bu idman növünü niyə sevmirlər. Deyirdilər balacaboy qalacaqsan. Triko və digər idman geyimlərini göstərib həvəsləndirirdilər. Mən isə hər gün zala tələsirdim. Məşqim qurtaranda isə evə getmək istəmirdim.
– Kiçikyaşlı uşaqlar bu idman növündə zədə almaları ciddi fəsadlara səbəb ola bilər...
– Əlbəttə, çox ciddi zədələr ola bilər. Bəzən ailələr buna görə kiçikyaşlı uşaqları ağır idman növlərinə buraxmırlar. Hər şey məşqçidən asılıdır. Bu idman növündə özümü tapmağımın elə bir səbəbi də ilk məşqçimdir.
– Bu ciddi məşğuliyyətə evdə münasibət necə idi? Ailədə idmanla məşğul olan varmı?
– Qardaşım da bir zamanlar mənimlə məşq edib, amma yarıda buraxıb. Hərdən söhbətarası “Mən məşğul olsaydım, daha yaxşı nəticələr qazanacaqdım”, – deyir.
Atam mənim bu növlə məşğul olmağımı istəmirdi. Anam əvvəldən məni dəstəkləyirdi və stimul verirdi.
– Ən böyük motivasiyanı nə vaxt almısınız?
– 2012-ci ildə ilk dəfə Avropa çempionatında iştirak edirdim. Nizami Paşayev məşqçimiz Asif Məmmədova kömək edir, həm də yarışı izləyirdi. O vaxt mən 9-cu oldum, komanda yoldaşım Valeh Baxşalızadə qalib adını qazandı. Nizami Paşayev məni nəzərdən keçirib Asif Məmmədova dedi: Dadaş çox güclü idmançı olacaq. Bu mənim üçün çox böyük motivasiya oldu. Özümdə yenilməz güc hiss etdim. Nizami Paşayev kimi dünya şöhrətli bir idmançının məni yüksək qiymətləndirməsi öz təsirini göstərdi. Növbəti ildə 17 yaşadək yeniyetmələr arasında Avropa ikincisi oldum. 2015-ci ildə Avropa çempionu oldum. Eyni zamanda Avropanın ən güclü idmançısı adına layiq görüldüm.
– Karyeranın ən parlaq dövründə diskvalifikasiya xəbərini necə qarşıladınız?
– Faciə kimi... Cəmi 18 yaşım var idi. 1 il sanki şokda idim, heç nə ilə məşğul olmadım. 4 il idmandan kənar qalmalıydım. Hamı bədbin proqnoz verirdi ki, uzun müddətdən sonra idmana qayıtmağın xeyri olmayacaq. Nizami Paşayev həmin müddət ərzində mənə çox böyük dəstək verdi. Onun sayəsində özümə inam yarandı. O, mənə təkcə məşqçi yox, əsl valideyn sevgisi göstərirdi. Bəzən onun evində qalıb məşqləri davam etdirirdim. Çətin də olsa məşqlərlə formamı saxladım.
– İdmana dönüşünüzü necə xatırlayırsınız?
– Möhtəşəm oldu. Düzdür, diskvalifikasiyanın başa çatmasına sayılı aylar qalanda dizimdən ağır əməliyyat keçirdim. Həkimlər uzun müddət məşq etməyə icazə verməsələr də, özümü toplayıb Moskvada 2021-ci ildə keçirilən Avropa çempionatına hazırlaşdım. Qitə yarışında birdən qaldırmada (117 kq) qalib, təkanla qaldırmada (202 kq) 7-ci oldum. İki hərəkətin cəmində bürünc medal qazandım. Ən yaxşı formada ikən – 2022-ci il Avropa çempionatında ağırlıq qaldırdığım zaman qolum dirsəkdən sındı. Bir aydan sonra isə İslam Həmrəyliyi Oyunları idi və qərara aldım ki, əməliyyatdan əvvəl yarışda iştirak edim. Ştanq üçün o qədər darıxmışdım ki... “Konya-2021”də gümüş medala layiq görüldüm. Yarışdan sonra isə əməliyyat olundum.
– Əməliyyatdan az müddət sonra MDB Oyunlarında qalib oldunuz...
– İlk dəfə əməliyyatım uğursuz keçdi. Hiss edirdim ki, qolum dirsəkdən yaxşı açılmır. Almaniyada ikinci əməliyyatdan bir müddət sonra məşqlərə başladım. Əslində, çox çətin idi. Qolum qipsdə, tikişlər belə açılmamışdı. Məşqçim Asif Məmmədovun da gecəsi-gündüzü yox idi. Onun düzgün taktikası sayəsində hazırlıq uğurla başa çatdı. Bəzən ağırlığı qaldırdığım zaman, özü saxlayırdı ki, oturub-qalxma hərəkətlərini yerinə yetirim. Arena üçün çox darıxmışdım. Builki yarışların heç birisini buraxmaq istəmirdim. MDB Oyunlarında qalib adını qazanmağım çətin məşqlərin bəhrəsi idi. Düşünürdüm ki, bu il dünya çempionatında yaxşı nəticə göstərmək üçün yarışlarda iştirak etməliyəm.
– Dünya çempionatının ən güclüləri arasında yer alacağınıza əmin idinizmi?
– Əslində, zədə səbəbindən yarışa istədiyim kimi hazırlaşa bilməmişdim. Reabilitasiya olsa da, adaptasiya tam deyildi. Amma özümə çox inanırdım. Özbək, İran, bolqar və İraq idmançıları yarışın favoritləri idilər. Hamı onlardan danışır, qələbələri barədə müzakirələr aparırdılar. Birdən qaldırmada əldə etdiyim nəticədən sonra yarışda ab-hava dəyişdi. Hiss edirdim ki, hamı mənə diqqət göstərir. Bu, mənə əlavə motivasiya verirdi. Təkanla qaldırma hərəkətində də uğurla çıxış etdim.
– Gələcəkdə əsas hədəfiniz yəqin ki, Paris Olimpiadasıdır?
– Əlbəttə. Bunun üçün əvvəlcə Olimpiya xarakterli turnirlərə yaxşı hazırlaşmalıyam. Çox güclü rəqiblərlə mübarizə aparmalıyam. Düşünürəm ki, bu çətin mübarizəyə hazıram.
Leyla QURBANOVA
XQ