Azərbaycan çempionunun, bütün futbolumuzun pərəstişkarları üçün bu gün xüsusi bir gündür. Ağdam komandası UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayır. “Qarabağ”ı qarşıdakı, təxminən, üç ay ərzində – dekabrın ortalarınadək Almaniya futbolunun nəhənglərindən biri – Leverkuzenin “Bayer” klubu, Skandinaviya tandemi Norveçin “Molde” və İsveçin “Hakken” komandaları ilə kəskin rəqabət gözləyir. Ciddi məqsədlərlə yaşayan bu rəqiblərin hər biri qrup mərhələsinə vəsiqəni özü üçün uğurun son həddi hesab etmir, hamı qazanılmış müvəffəqiyyəti daha da inkişaf etdirmək, mümkün qədər uzağa getmək əzmindədir.
Bunun üçünsə ağır sınaqların finişinə turnir cədvəlinin ilk iki pilləsindən birində çatmaq lazımdır. Bu halda qrupun qalibi birbaşa Avroliqanın səkkizdəbir finalında yoluna davam etmək hüququ qazanacaq, ikinci yerin sahibi isə 1/16 finalda oynayacaq.
Əlbəttə, bu məqsədə nail olmaq asan deyil, istisnasız olaraq bütün rəqiblərdə ən yaxşı nəticəyə layiq olduğunu sübuta yetirmək istəyi böyükdür. Bir sözlə, dörd komandadan hər biri iddialıdır və hamı qüvvəsinə heyfslənmədən sonadək, sözün əsl mənasında, döyüşəcək.
Elə üçüncü yeri tutan klub da özündən və nəticəsindən müəyyən dərəcədə razı qalacaq. Bu yerin sahibi Avropa Liqası ilə vidalaşsa da, hər halda, Konfrans Liqasının pley-off mərhələsinə (1/16 finala) vəsiqəni təmin etmiş olacaq. Yalnız yekun cədvəlində sonuncu pillədə qalan kollektivin əli hər şeydən üzüləcək, avrokuboklarda “oyundankənar” vəziyyətə düşəcək.
Burada xatırladaq ki, Avroliqanın qrup mərhələsində iştirak edəcək 32 komanda səkkiz qrupa bölünmüşdür. “Qarabağ”ın daxil olduğu “H” qrupundakı kimi, digər yeddi qrupda da daha işıqlı gələcəyə aparan yolda bütün rəqiblər yüksək ustalıqla yanaşı, fədakarlıq və əsl qələbə əzmi göstərməlidirlər.
Ölkə çempionumuz qrupda ilk addımını bu axşam “Molde” ilə görüşdə atacaq. Hər hansı bir yarışda uğurlu startdan çox şey asılıdır. Norveçli qonaqlarımızla oyunda qələbə Ağdam klubunun İsveç (5 oktyabr) və Almaniyaya (26 oktyabr) səfərləri ərəfəsində, şübhəsiz, həm komandanın əhvalını yaxşılaşdırar, həm də öz qüvvəsinə inamını daha da artırar.
Bu görüşlərlə də qrupda turnir məsafəsinin birinci yarısı arxada qalacaq. İkinci dövrədə isə “Qarabağ” iki matçda “ağ fiqurlarla” oynayacaq, “doğma divarlar” amilindən maksimum dərəcədə istifadə etməyə çalışacaq. Bütövlükdə, son üç görüşümüzün təqvimi belədir: 9 noyabr: “Qarabağ” – “Bayer”. 30 noyabr “Molde” – “Qarabağ”. 14 dekabr. “Qarabağ” – “Hakken”.
Artıq start ərəfəsində olan bu turnir Qurban Qurbanovun komandasının son on ildə avrokubokların qrup mərhələsində onuncu iştirakı olacaq. Ümid edək ki, indiki yarış Ağdam klubunun tarixinə Avropa stadionlarında onun ən uğurlu turniri kimi yazılacaq.
Beləliklə, top doğma azarkeşlər qarşısında çıxış edən “Qarabağ”dadır. Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda “Molde” ilə çətin sınağa hazırdır. Elə “Qarabağ”ın azarkeşləri, bütün Azərbaycan da saat 20:45-də FİFA-nın şotlandiyalı hakimi Con Bitonun start işarəsi ilə başlanacaq görüşü xoş bir həyəcan və böyük maraqla gözləyirlər.
Uğurlar, “Qarabağ”!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist