Premyer Liqa: "Zirə" vahid liderdir

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun oyunları çərçivəsində daha bir oyun keçirilib. Günün ikinci matçı Zirə İdman Kompleksinin stadionunda baş tutub. 

Belə ki, ilk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib. Görüşün ilk dəqiqələrindən fəallıq nümayiş etdirən meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı açıblar-1:0. "Zirə"nin qolunun müəllifi ukraynalı hücumçu Vladislav Kulaç olub.İlk hissə bu hesabla başa çatıb

İkinci hissədə isə qonaqların bəxti gətiməyib. 67-ci dəqiqədə qonaqların heyətində Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Ümumiyyətlə, ikinci hissədə qarşılılıqlı hücumlar olsa da, hesab dəyişməyib. Matç "Zirə"nin minimal hesablı qələbəsi ilə başa çatıb. Bununla da ardıcıl 4-cü qələbəsini qazanan "qartallar" liderliyini davam etdirir. Bir oyun az keçirən "Sabah" isə 4 xalla beşinci sıradadır.

Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə (1:1) ediblərsə, “Səbail” səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura avqustun 27-də keçiriləcək “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman