Millimizin və "Neftçi"nin Melilya mərhələsində qrupları və oyun təqvimi müəyyənləşib

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib. 

Azərbaycan Basketbol Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, 18-19 avqust tarixlərində İspaniyanın Melilya şəhərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Melilya mərhələsində iştirak edəcək qadın millimiz C qrupunda İspaniya yığması və "Yuanda" (Çin) klubu ilə qarşılaşacaq. 

Digər təmsilçimiz “Neftçi” isə B qrupunda "Düsseldorf Zoos"(Almaniya) klubu və Portuqaliya millisi ilə mübarizə aparacaq. Qadın millimizin qrupdakı ilk  oyununu avqustun 18-də Bakı vaxtı ilə saat 20:20-də İspaniya millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk oyununu həmin gün Bakı vaxtı ilə saat 19:55-də Portuqaliya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman