Avarçəkənlərimiz iki qızıl medal qazandı

post-img

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir. 10-a yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında mübarizə aparır.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, ilk yarış günü avarçəkənlərimiz üçün uğurlu nəticə ilə yadda qalıb. Bir nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb – Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman