"Qarabağ" Helsinkiyə üstün hesabla yollanacaq

post-img

Bu axşam Bakıda Ağdamın "Qarabağ" klubu ilə  Finlandiyanın HİK komandası arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu keçirilib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "Köhlən atlar" qələbə qazanıb. 

İsrailli FİFA referisi Roy Reinsreyberin idarə etdiyi matçın ilk hissəsində hesab açılmayıb. 

İkinci hissəyə daha fəal başlayan Azərbaycan çempionu 55-ci dəqiqədə Leandro Andradenin  qolu ilə hesabda irəli çıxıb-1:0. Əzmkar oyun nümayiş etdirən Finlandiya təmsilçisi 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə hesaba tarazlıq gətirib- 1:1. Lakin daha əzmkar oyun sərgiləyən Ağdam klubu 85-ci dəqiqədə Juninyonun qolu ilə yenidən hesabda önə çıxıb-2:1.

Bundan sonra qalan vaxt ərzində matçda hesab dəyişməyib. Beləliklə, görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman