İyunun 26-da Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) başlayıb. Bu gün konfransın açılış mərasimi baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, konfransda rekord sayda ölkə iştirak edir.
Nazir bildirib ki, konfransa hazırlıq hələ 2022-ci ildə başlayıb və ötən müddətdə çoxlu işlər görülüb.
F.Qayıbov “Fit for Life” təşəbbüsünün əhəmiyyətini də vurğulayaraq qeyd edib ki, bugünkü qərarlar ölkələrimizdə idmanın inkişafına töhfə verəcək.
Qeyd edək ki, konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli şəxs, eləcə də 540-dan çox nümayəndə iştirak edir.
Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.